Türkiyə Rusiyadan aldığı S-400 Hava Hücumundan Müdafiə Komplekslərini 2019-cu ilin noyabr ayında F-16 və F-4 qırıcıları üzərində sınaqdan keçirib.
Teleqraf.com xəbər verir ki, bu məlumatı beynəlxalq mediada Türkiyənin S-400 sistemlərinin F-35 qırıcıları üzərində test etdiyi iddialarından sonra Rusiya mətbuatı yazıb.
Hətta ötən gün iddia edilib ki, türklər S-400 komplekslərini ABŞ istehsalı olan F-35 və F-22 qırıcıları üzərində sınaqdan keçirib. Rusiya isə bu iddiaları yalanlayb. Ruslar iddia ediblər ki, Türkiyənin testi 2019-cu ilin noyabr ayında F-16 və F-4 qırıcıları üzərində həyata keçirilib.
Əlavə edilib ki, TRT tərəfindən çəkilən bəzi görüntülərlə yanaşı, bənzər informasiyalar səsləndirilib. Görüntülər və test iddiaları ilə bağlı Rusiyanın TASS agentliyi adını çəkmədiyi mənbəyə əsaslanaraq “Belə testlərin noyabr ayında keçirildiyi doğrudur” ifadəsinə vurğu edib.
Qeyd edək ki, 25 noyabr 2019-cu ildə F-16 və F-4-lərin Ankara yaxınlarında S-400-lərin test edilməsi üçün uçuşlar həyata keçirdiyi xəbəri paylaşılıb. Verilən məlumatda müdafiə sistemi ilə təyyarələr arasında əlaqələrin nəzarət edildiyi bildirilib. Mövzuya dair Müdafiə Nazirliyinin verdiyi açıqlamada “Ankarada icra edilən uçuşlar Müdafiə Sənayesi Nazirliyinin davam edən projeləri çərçivəsində həyata keçirilən test uçuşlarıdır” məlumatını verib.
Xatırladaq ki, 2017-ci ilin sentyabrında Türkiyə Rusiyadan dəyəri 2,5 milyard dollarlıq S-400 müqaviləsi imzalayıb. Ankaranın bu addımı Vaşinqtonla münasibətləri gərginləşdirib. NATO-nun etirazlarına baxmayarq ilk S-400 kompleksləri 2019-cu ildə Türkiyəyə təqdim edilib.