ABŞ və Britaniya hesab edirlər ki, Rusiya ən qısa zamanda Ukraynadan öz silahlı qüvvələrini geri çəkməli, separatçılara maddi dəstəyi dayandırmalı, Minsk razılaşmasına uyğun olaraq, üzərinə düşən öhdəlikləri yerinə yetirməli və müvafiq sülh planının həyata keçirilməsinə yardımçı olmalıdır.
Teleqraf.com-un “Amerikanın səsi”nə istinadən məlumatına görə, bu fikirləri ABŞ-ın dövlət katibi Con Kerri çərşənbə günü Böyük Britaniyanın xarici işlər naziri Filipp Hammondla birlikdə Vaşinqtonda çıxış edərək səsləndirib: "Son aylar Rusiyanın hərəkətləri beynəlxalq sistemin ən əsas prinsiplərinə zidd olur. Sərhədlər toxunulmazdır və silah gücünə dəyişməməlidir. Xalq öz ölkəsində suveren sərhədlər daxilində gələcəyini müəyyən etmək hüququna malikdir".
Kerri vurğulayıb ki, Avropa İttifaqı, ABŞ və Böyük Britaniya digər tərəfdaş ölkələrlə birlikdə Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü dəstəkləyirlər. Amerikalı həmkarı ilə həmrəylik nümayiş etdirən Hammond isə qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü, əhəmiyyətli demokratik islahatlar xalqın müstəsna, suveren hüququdur: “Rusiya heç bir halda Ukrayna demokratiyası ilə bağlı məsələlərə veto qoya bilməz”.
Nail Cəlil