İranın Kirman əyalətində bir neçə gün əvvəl iki dostu ilə birlikdə yoxa çıxan zərdüşti din adamı Arəş Kəsrəvinin meyiti tapılıb.
Teleqraf.com xəbər verir ki, din adamı və dostlarının cansız bədənləri Mahan şəhərində aşkar olunub.
Polis 53 yaşlı Arəş Kəsrəvinin iki dostu ilə birlikdə naməlum şəxslər tərəfindən qətlə yetirildiyini təsdiqləyib. Onunla birlikdə öldürülən digər iki şəxsin adları mediaya açıqlanmayıb.
Zərdüştilərin İran parlamentindəki deputatı İsfəndiyar İxtiyari Arəş Kəsrəvi və iki dostunu qətlə yetirən qatillərin tezliklə həbs edilməsini və qətlin səbəbinin araşdırılmasını tələb edib.
Məlumatda qeyd olunub ki, 10 il əvvəl ailəsi ilə birlikdə ABŞ-ın Kaliforniya ştatına mühacirət edən Arəş Kəsrəvi ötən il vəfat edən atasının dəfn və yas mərasiminə qatılmaq və ondan qalan mirasla bağlı vərəsəlik işinin həlli üçün ölkəyə qayıtmış və həmin vaxtdan Kirmanda yaşayırdı.