Son həftələr çətin vəziyyətin hökm sürdüyü 10-a yaxın əyalət artıq kulminasiya nöqtəsinə çatıb. İnşallah, gələcək günlərdə daha sabit vəziyyətə yetişəcəyik.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani COVİD-19-la bağlı danışarkən deyib.
Prezident bildirib ki, Virusla Milli Mübarizə Qurumunun müəyyənləşdirdiyi bütün şərtlər vaksinin əldə edildiyi və durumun dəyişdiyi elan olunana kimi bütün gücü ilə tətqbiq olunmaqda davam edəcək.
Prezident təlimatlara çoxluğun riayət etdiyini bildirib: “Bu şəkildə davam edərsə, yaxın həftələrdə xoş xəbərlərin şahidi olacağıq. Hesabatlar ofislərdə, banklarda və insanların kütləvi toplaşdığı mərkəzlərdə sağlamlıq şərtlərinə əməl edildiyini göstərir. Əgər bir nəfər qaydaya əməl etmirsə, cəzalandırılmalıdır.
Şərt və qaydaları pozan şəxslər müəyyən edilməli və barələrində müvafiq ölçü götürülməlidir. Bu cəzalar elan edilməli və xalq məlumatlandırılmalıdır”.
İran dövlət başçısı qeyd edib ki, virusa yoluxanlar aşkarlanmalı, izolyasiya olunmalıdır: “Bunu izləmə sistemləri ilə infeksiyaya yoluxmuş şəxsləri təqib edərək nəzarətdə saxlayan ölkələr var. Bizdə belə sistem yoxdur. Biz mobil telefonlar vasitəsilə bunu təmin edəcəyik. İnfeksiyaya yoluxan şəxslərin hara getdiyini, harada olduğunu mobil cihaz vasitəsilə biləcəyik. Bunu tətəbiq etmək çətin deyil”.