Rəsmi Ankaranın Aralıq dənizində keçirdiyi hərbi təlimlərdən sonra diqqət həmin bölgəyə çevrilib. Yunanıstan liderliyində ABŞ, Fransa, Birləşmiş Ərəb Əmirliyi, İtalya, Misir və Cənubi Kipr Respublikası hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, artıq yunan mediası ABŞ və Yunanıstan donanmasının başlatdığı hərbi təlimlərin ilkin fotolarını yayıb.
Eyni zamanda Türkiyə lideri Ərdoğanın Yunanıstanın Aralıq dənizində hərbi təlimləri və digər məsələlər haqda tənqidi fikirləri yunan mediasında ciddi müzakirə edilir.
Xatırladaq ki, Prezident Ərdoğan açıq elan edib ki, Türkiyə nə Oruc Rəis gəmisinin, nə də onu müşayiət edən donanmanın fəaliyyətində geriyə kiçik addım atmayacaq. Əksinə, bölgədə haqqını qorumaq üçün daha qərarlı hərəkət edəcək.
Yunanıstan və ABŞ-ın eyni bölgədə hərbi təlimlər keçirdiyini bildirən yunan mediası eyni zamanda Afina və Ankara arasında vasitəçiliyə çalışan Almaniyanın cəhdlərini də təqdim edib. Bildirib ki, Almaniya Xarici İşlər naziri Heiko Maas Afina və Ankaraya eyni gündə səfər edəcək. Alman diplomat Afinada Xarici İşlər naziri Nikos Dendias və Baş nazir Miçotakislə görüşəcək, müxalifət lideri Çirpas ilə müzakirələr aparacaq.
Yunan mediası eyni zamanda təlimlərin detallarını da paylaşıb. Xəbərə görə, Fransa qırıcıları ilə yanaşı Birləşmiş Ərəb Əmirliklərinə aid F-16-da təlimlərə qatılacaq. Ayrıca Yunanıstan donanmasının təlimlərinə İtaliya, Misir, Fransa, ABŞ və Cənubi Kipr donanmaları da dəstək verəcək. Krit adasında başlayan təlimlərdə ABŞ və Yunanıstan donanmalarının bir arada olduğu görünür. Görüntülərdə hərbi gəmilər, sualtı qayıqlar, qırıcı təyyarələrin hərəkətə gəldiyi bəlli olur.
Qeyd edək ki, bütün bu təlimləri Yunanıstan Silahlı Qüvvələri Baş Qərargahının yaydığı fotolar “Ankaraya mesaj” başlığı ilə paylaşılıb. Yunanıstan tərəfi təlimlərin Oruc Rəisin qazma-axtarış apardığı əraziləri əhatə etdiyini, Krit, Rodos, Meis adaları ətrafında aparıldığını açıqlayıb. Əlavə edilir ki, təlimlərdə gerçək mərmilərdən istifadə olunacaq.
Şərqi Aralıq dənizində müşahidə edilən gərginlik İngiltərə mediasında da ciddi müzakirə edilməkdədir.
“The Times” qəzeti bəyan edib ki, Şərqi Aralıq dənizində enerji ehtiyatları uğrunda gərginlik böyüyür. Xatırladılır ki, Yunanıstan və Birləşmiş Ərəb Əmirliyi Krit adası yaxınlığında hərbi təlimlərə başlaması ilə paralel Ankara təbi qaz axtarışlarını genişləndirir. Kritin cənub-qərbi və şərqindəki təlimlərdə iştirak çün 4 ədəd F-16 göndərildiyini qeyd edən qəzet xatırladır ki, 12 gün əvvəl Yunanıstan və Fransanın birgə təlimləri zamanı bir türk gəmisinin yunan gəmisi ilə toqquşmasının bənzəri təkrarlana bilər. Oruc Rəis gəmisinin bölgədə axtarışlarının çərşənbə gününə qədər uzadıldığı, onu türk donanmasının 5 ədəd hərbi gəmisinin müşayiət etdiyi xüsusilə vurğulanır. Fransanın Krit adasındakı təlimlərə bir helikopter və bir ədəd donanma gəmisi göndərdiyi, daha sonra raket daşıya biləcək 3 ədəd qırıcı göndərdiyi bildirilir. Xatırladılır ki, Fransanın Kipr adası civarında hərbi varlığını artırır.
O da bəlli olub ki, Almaniya Xarici İşlər naziri Massın Afina və Ankara səfəri çərşənbə günü Avropa Birliyinin xarici işlər nazirlərinin toplantısında müzakirə ediləcək və Afinanın Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməsi tələbi müsbət həlli oluna bilər.
Türkiyə ilə Misir arasında münasibətlərin 2013-cü ildə Misirin qanuni prezidenti Mursinin devrilməsi ilə pozulduğunu bəyan edən “The Times” Aralıq dənizində üz-üzə gələn qüvvələrin Liviya məsələsində də bir-birinə qarşı olduğuna diqqət çəkir.