Avstriyada casusluq edildiyinə dair Türkiyəyə qarşı iddiaları rədd edirik.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy bildirib.
Sözçü əlavə edib ki, bu iddiaların arxasında Türkiyəyə qarşı olan qüvvələrin olduğuna şübhə yoxdur: “Avstriya hökumətinin bu qeyri-ciddi iddialarını, Türkiyəni ittiham edən nəticələr çıxarmasını heyrətlə qarşılayırıq”.
Hami Aksoyun fikrincə, yaranan vəziyyət Avstriyadakı türk toplumunu narahat etməklə yanaşı Türkiyə-Avstriya əlaqələrinə zərər vurur: “Avstriya hökumətini daxili siyasi hesablamaları üçün Türkiyə üzərindən süni gündəm yaratmaq niyyətindən əl çəkməyə, dövlət ciddiyyəti ilə hərəkət etməyə və səmimi əməkdaşlığa dəvət edirik”.
Xatırladaq ki, Avstriyanın İnterqrasiya naziri Susanna Raab bəyan edib ki, Türkiyə Avstriyadakı türkləri təsiri altına alaraq ölkəni bölmək istəyir: “Türkiyənin təsirinin qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Çünki bu təsir inteqrasiya üçün bir zəhərdir”.