Kanada Aleksandr Lukaşenkonu Belarusun qanuni rəhbəri hesab etməkdən imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Fransua-Filip Şampan açıqlama verib.
“Kanada saxta seçkilərdən sonra Lukaşenkonun elan edilməmiş andiçmə mərasimi keçirməsindən təəssüfləndiyini bildirir. Demokratik yolla seçilməmiş bir liderin legitimliyi ola bilməz. Kanada azad və ədalətli seçkilərə çağırır”, - nazir bildirib.
O, bundan əlavə keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya ilə telefon danışığı apardığını da deyib. Onun sözlərinə görə, görüşdə respublikadakı son hadisələri müzakirə ediblər.
Slovakiya Lukaşenkonu respublikanın qanuni prezidenti hesab etməkdən imtina edən ilk Avropa İttifaqı ölkəsi olub. Almaniya Nazirlər Kabinetinin nümayəndəsi Şteffen Zaybert də Lukaşenkonun legitimliyinə arxalana bilməyəcəyini söyləyib. Bundan sonra ABŞ və Ukrayna oxşar açıqlama veriblər.