Ukraynanın paytaxtı Kiyevdə millətçilər ikinci dünya müharibəsi zamanı nasist Almaniyasına qarşı partizan döyüşləri aparan Ukrayna Üsyançı Ordusunun yaranmasının ildönümünü qeyd ediblər. Teleqraf.com-un "Associated Press"ə istinadən məlumatına görə, şəhərin mərkəzi küçələrindən birində baş tutan yürüş aksiyasına 3 minə yaxın fəal qatılıb.
“Bu gün burada Ukrayna Üsyançı Ordusunun xatirəsini yad etmək və Ukraynanın daha parlaq gələcəyi üçün canlarından keçənlərə dəstək olmaq üçün toplaşmışıq” - deyə yürüş iştirakçısı qeyd edib.
"UNİAN" agentliyinin məlumatına görə, ölkənin şərq vilayəti Donetskdə hökumət qüvvələri ilə üsyançılar arasında hava limanı uğrunda döyüşlər gedir. Ötən gün üsyançılar ağır artilleriyadan hökumət qüvvələrinin mövqelərini atəşə tutublar.
Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının mətbuat katibi Andrey Lisenko ötən gün Novoazovsk rayonuna Rusiyadan xüsusi təhlükəsizlik xidməti əməkdaşlarının gəldiyini deyib. Lisenko bu diviziyanın açıq şəkildə separatçılarla əməkdaşıq etdiyini bildirib və bunu həyasızlıq adlandırıb.