Məlum olub ki, hakerlər ABŞ-ın nüvə silahlarına cavabdehlik daşıyan Milli Nüvə Təhlükəsizliyi İdarəsi və Energetika Nazirliyinin şəbəkələrinə də daxil olublar.
Teleqraf.com xəbər verir ki, Amerika rəsmiləri ABŞ-ın bir çox təşkilatına kiber hücumlar təşkil edən hakerlərin hər iki qurumda kompüter şəbəkələrinə daxil olduqlarına dair faktlar əldə etdiklərini bildiriblər.
Məsələ ilə əlaqədar ABŞ Konqresinin müvafiq komitələrinə bildiriş göndərildiyi deyilib.
Hökumətə yaxın mənbələr şübhəli fəaliyyətlərin Federal Enerji Tənzimləmə Komissiyasının (FEDK) Nyu-Meksiko və Vaşinqton ştatlarındakı Sandia və Los Alamos nüvə laboratoriyalarında, eləcə də Nüvə Təhlükəsizliyi İdarəsinin Təhlükəsiz Nəqliyyat Bürosunun şəbəkələrində aşkar edildiyini bildiriblər.
Bu qurumlara hücumun miqyası ilə bağlı ətraflı məlumat verilməsə də, hakerlərin FEDK şəbəkələrinə daha çox ziyan vurduğu qeyd edilib.
FEDK-ın Kiber Təhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyindən (CISA) kömək istədiyi bildirilsə də, agentlik FEDK üçün vəsait ayırmağın çox çətin olduğunu açıqlayıb.
Energetika Nazirliyinin sözçüsü Şaylin Aynes hələlik hakerlərin kritik müdafiə sistemlərinə çata bilmədiyini söyləyib və bunun Nüvə Təhlükəsizlik İdarəsi də daxil olmaqla, sözügedən qurumun önəmli mexanizmlərinə təsir edə bilmədiyini vurğulayıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Kəşfiyyat İdarəsi (ODNI) tərəfindən ABŞ hökumətini xəbərdar edən geniş kiber hücumla əlaqədar birgə açıqlamada bir neçə gün əvvəl hücumdan xəbərdar olduqları qeyd edilib.
Bundan əvvəl Energetika Nazirliyi, habelə Xəzinə və Daxili Təhlükəsizlik nazirliklərinin rusiyalı hakerlərin kiber hücumlarına məruz qaldıqları açıqlanmışdı.
Mənsur Rəğbətoğlu