Dekabrın 27-də Dağıstanın Yeni Xuşet qəsəbəsində Çeçenistanın ilk prezidenti Axmat-Hacı Kadırovun və Dağıstanın keçmiş müftisi Sayidmuhammad Abubakarovun xatirəsinə inşa edilmiş obeliskin (yuxarıya doğru getdikcə itiləşən, piramida formalı ucu olan tilli sütun) açılışı olub.
Teleqraf.com xəbər verir ki, abidə uzun illərdir dəmir yolu keçidindən bir neçə addım kənarda kiçik bərbərxana saxlayan yerli sakin Saqid Asxabovun təşəbbüsü ilə qoyulub.
Onun sözlərinə görə, memorial qardaş çeçen xalqına, Çeçenistanın ilk prezidenti Axmat Kadırovun fəaliyyətinə qoyulan hörmətin ifadəsidir.
Açılış mərasimində Dağıstan Respublikasının Milli Siyasət və Dini İşlər Nazirliyinin başçısı Enrik Muslimov da iştirak edib.
Axmat-Hacı Kadırov (1951-2004) Çeçenistanın hazırkı başçısı Ramzan Kadırovun atasıdır. O, 2004-cü il mayın 9-da Qroznıda qələbə gününə həsr edilmiş parad zamanı törədilən terror aktı nəticəsində həlak olub.