Ötən ilin yekunlarına həsr edilən müşavirələr hər zaman ənənəvi xarakter daşıyıb. Amma son müşavirə xüsusi tarixi əhəmiyyətə malik idi. Cənab Prezident Nazirlər Kabinetinin müşavirəsində təkcə, ötən ilə, dövrə qiymət vermədi. Bu il və gələcəkdə Azərbaycanın görəcəyi işlərin konseptual baxımdan əsaslandırılması, yol xəritəsi xalqa təqdim edildi.
Bunu Teleqraf.com-a Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev deyib.
Komitə sədri Nazirlər Kabinetinin son müşavirəsində qarşıyan qoyulan bir çox vəzifələrin tarixi əhəmiyyətindən bəhs edib:
"Ərazilərimizin işğaldan azad olunması, torpaqlarda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ölkənin əsas hədəflərindən biridir. Təzminat, sosial təminat, müdafiə, qayıdış proqramı Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən məsələlərin elmi, nəzəri təhlili ciddi, konseptual xarakter daşıyır. Cənab Prezident bütün bunları xalqımıza çatdırmaqla, görüləcək və icra ediləcək işlərin mahiyyətinin dərəcəsinə diqqətləri cəlb edib”.
Komitə sədrinə görə, ötən il dünya və Azərbaycan iqtisadiyyatı üçün çətin və gərgin il olub:
“Amma ölkəmiz ötən ili müsbət dinamika ilə başa vurub. Azərbaycanın iqtisadi dayanıqlığı, aparılan islahatların sistemliliyi, ardıcıllığı və məqsədyönlülüyü bəhrəsini verir. Bu uğurlu tendensiya tək ölkə siyasətçiləri tərəfindən deyil, dünyanın aparıcı təşkilatları tərəfindən də yüksək qiymətləndirilir. Davos İqtisadi Forumunun, Dünya Bankının hesabatlarında Azərbaycanın sosial-iqtisadi sahədə gördüyü işlərə qiymət verilib. İnkişaf edən islahatçı və uğurlu iqtisadiyyata malik Azərbaycan artıq layiq olduğu yerdə qərarlaşıb. Enerji daşıyıcıları, dəmir yolu, iqtisadi-siyasi islahatlar yönündə apardığı işlər də beynəlxalq təşkilatların qiymətləndirməsində mühüm yer tutub”.
Musa Quliyev bu gün Azərbaycanın bir çox parametrlərə görə dünyada öz layiqli yerini qoruduğunu qeyd edib:
“Bu uğurlar cənab Prezident İlham Əliyevin düzgün iqtisadi və sosial strategiyasının əyani təsdiqidir”.
Millət vəkili Azərbaycandan kənarda, ölkə içində, müəyyən təşkilatların maraqlarına xidmət edən şəxslərin iqtisadi proqnozlarının ciddi əsasının olmadığını əlavə edib:
“Xalqın gözü tərəzidir. Artıq heç bir şeyi gizlətmək olmur. Vətəndaşlar ədalətli şəkildə həyata keçirilən layihələri öz güzəranında hiss edir. Bəzi iqtisadçılar isə abırlarına kor olub, səslərini çıxarmasınlar. Danışanda da ən azı ədalətli danışmağı öyrənsinlər”.