9 Fevral 2021 22:13
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq aləmdə İran ətrafındakı müzakirələr getdikcə fərqli istiqamət alır. İki gün əvvələdək ABŞ Prezidenti Cozef Baydenin İranla bağlı açıqlamalarında pozitiv məqamlar üstünlük təşkil edirdi. Çoxları düşünürdü ki, Birləşmiş Ştatlar “5+1” formatına qayıdıb İrana tətbiq olunan ağır sanksiyaları yumşaldacaq. Ən azı pandemiyanın doğurduğu çətinliklərlə əlaqədar olaraq tibb sahəsi ilə bağlı sanksiyaları götürəcək. Ancaq iki gün əvvəldən başlayaraq Amerikanın davranışlarında aksent dəyişməyə başlayıb.

Bunu Teleqraf.com-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, Ağ Evin mətbuat katibi Cennifer Psaki İranla münasibətləri qaydaya salmağın yeganə yolunun Tehranın nüvə tədqiqatlarını tamamilə dayandırmaqdan keçdiyini açıqlayıb:

“Əvvəl isə belə demirdilər, tamamilə dayandırmağı tələb etmirdilər. Bunun ardınca isə Bayden çıxış edərək bildirdi ki, o, İrana qarşı sanksiyaları yumşaltmaq fikrində deyil. Çünki daxil olan yeni məlumatlar onları belə addım atmaqdan çəkindirir. Həmin məlumatları isə İsrailin “Mossad”ı və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi əldə edib. Əldə edilmiş məlumatlara görə, İran “5+1” ittifaqına daxil olduqdan sonra nüvə tədqiqatlarını bir qədər də genişləndirib. Çindən yeni tipli, daha mükəmməl, uranın saxlanılmasında istifadə olunan sentrafuqalar alıb. Bunun nəticəsində İran uranı artıq 60 faizədək saflaşdıra bilir. Yəni kiçicik cəhddən sonra İranın əldə edə biləcəyi saflaşdırılmış uran və eləcə də onun komponenti olan ağır su ilk nüvə döyüş başlığını yaratmaq üçün istifadə edilə bilər. İsrail çox əsəbi və həyəcanlı formada bildirir ki, əgər onlar İranı dayandırmasalar Tehran bir neçə ay ərzində nüvə silahına sahib ola bilər. Onun nüvə silahını daşıya bilən və 2500 kilometrdən uzağa gedən “Şahab” tipli ballistik raketləri artıq çoxdan sınaqdan çıxarılıb. İndi onlar 5 min kilometrdək uça bilən uzaqmənzilli ballistik raketlərin istehsalı üzərində çalışırlar. Beləliklə Amerikanı da təhdid edə biləcək həm daşıyıcı vasitələrə, həm də onun döyüş başlıqlarına malik olacaqlar. Bu səbəbdən İsrailin Baş naziri bildirdi ki, görünür, Tel-Əviv İrana qarşı təkbaşına hərbi əməliyyata başlamaq məcburiyyətində qalacaq. Onun nüvə silahı istehsalına xidmət edən hərbi obyektlərini sıradan çıxarmaq üçün artıq hərbi əməliyyatları hazırlamışıq. Əməliyyatın nə vaxt həyata keçirilməsi isə hərbi sirr olaraq saxlanılır”.

Qabil Hüseynli qeyd edib ki, İsrail tərəfi bu açıqlama ilə ABŞ-ı hərəkətə gətirəcəyini yaxşı bilir:

“Amerika kritik məqamlarda İsraili heç vaxt tək qoymayacaq. Yəni İsrail İranın nüvə obyektlərinə zərbələr endirsə, Amerika da ona dəstək verəcək. İran sahillərinə yaxınlaşmış və geri qayıtmalı olan “Nimitz” qırıcı təyyarə daşıyan gəmi Aralıq dənizində lövbər atıb və yenidən İran sahillərinə qayıtmaq üçün əmr gözləyir. Bütün bunlar onu göstrir ki, həm İranın nüvə hazırlıqları haqqında əldə edilən məlumatlar kifayət qədər ciddidir, həm də İsrail tərəfi bu hərəkətlərdən həddən artıq həyəcanlanır. Çünki İran həmişə bəyan edib ki, ilk nüvə silahını İsraili yer üzündən silmək üçün istifadə edəcək. Bu mənada İrandakı son inkişaflar, xüsusilə elmi-tədqiqatlar və onun praktiki nəticələri İsraildə, elə Amerikanın özündə də çox ciddi həyəcan doğurub”.

Politoloq bildirib ki, Bayden artıq İran haqqında əvvəlki sözləri təkrarlamır:

“Əksinə, onun sözçüsü İranı pisləyən, onu nüvə silahına can atmaqda təqsirləndirən bəyanatlar verməklə məşğuldur. Bütün bunlar onu göstərir ki, yaxın qonşumuz İrana Amerikanın da iştirakı ilə İsrailin hərbi müdaxiləsi ola bilər. Düzdür, hələlik bu fikirləri tam təsdiq edəcək gedişatlar yoxdur. Üstəlik, burada söhbət İran torpaqlarına müdaxilədən getmir. Bu hərbi əməliyyat İranın hərbi obyektlərinin və İran siyasi rəhbərliyinin əyləşdikləri ofislərin havadan vurulmasını nəzərdə tutur. Belə təsəvvür yaranır ki, İrana qarşı əməliyyatlar hazırlanmaqdadır. Bu əməliyyatın baş tutmaması üçün İran çıxış edərək bildirməlidir ki, nüvə tədqiqatlarından imtina edir, nüvə silahı yaratmaq fikrində deyil. Əks təqdirdə İsrail və Amerika İrana qarşı böyük hərbi əməliyyat başlaya bilər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər