“Myanmada fevralın 1-də həyata keçirilən hərbi çevriliş beynəlxalq aləmin diqqət mərkəzindədir. Hərbi çevriliş və onun nəticələri BMT-nin müzakirəsinə də çıxarılıb”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, Böyük Britaniya və Avropa İttifaqının təşəbbüsü ilə fevralın 12-də BMT-də Myanmadakı vəziyyətlə bağlı qətnamə layihəsi müzakirə olunub:
“Rusiya və Çin dərhal qətnamə layihəsinin əleyhinə çıxıblar. Rusiya nümayəndə heyətinin izahı belə olub ki, “məsələsin siyasiləşdirmək olmaz və Myanmanın daxili işlərinə qarışılmamalıdır”.
Bu vəziyyətdə qətnamə səsverməyə qoyulmadan qəbul edilib. Ancaq Rusiya və Çin təmsilçiləri yenə söz alaraq qətnamənin mətnini tənqid ediblər. Rusiya təmsilçisi bir daha deyib ki, “insan haqlarının qorunmasına görə məsuliyyət dövlətlərin öz üzərinə düşür, dövlətlərin daxili işlərinə qarışmaq doğru deyil”. Belə çıxır ki, Myanma generalları küçəyə çıxan insanlara atəş açmaq əmri verəsələr, Rusiya deyəcək ki, “qarışmayın, qoy öldürsünlər, özləri bilər”.
Rusiyanın bu məntiqinə Çin də şərik çıxıb. Çinin BMT-dəki təmsilçisi bildirib ki, “Myanmadakı durum bu ölkənin daxili işidir”. Çin nümayəndəsi onu da deyib ki, BMT Myanmadakı durumla bağlı xüsusi sessiya keçirməməlidir. Rusiya və Çinin “məntiqini” Veneseula da bölüşüb”.
Elxan Şahinoğlu qeyd edib ki, Myanmada etirazlara qatılanların Çinə qarşı şüarlarının sayı artıb:
“Əllərində “Çin utan” və “hərbçilərə dəstəyi dayandır!” şüarları gəzdirən etirazçılar Pekinin generalları dəstək verməsinə etiraz ediblər. Başqa bir plakatda isə bu sözlərin yazılığı bildirilib: “Myanmadakı hərbi diktatura Çin istehsalıdır!”.
Çinlə məsələ aydındır. Pekin qonşu Myanmada siyasi partiyalar arasında açıq mübarizənin və demokratik seçkinin əleyhinədir. Ona görə də Pekin Myanmada hərbi çevrilişin gizli tərəfdarıdır. Bəs Rusiya niyə çevrilişin əleyhinə deyil?
Birincisi, Pekin kimi Moskva üçün də insan haqları və demokratiya mövzuları aktual deyil. Əgər Rusiyanın özündə fərqli fikirlərə qarşı müqavimət varsa, Moskva başqa bir ölkədə insan haqalarını dəstəkləyə bilməz. Bundan başqa Rusiya və Çin BMT-də illərdir birgə fəaliyyət göstərir, insan haqlarıyla bağlı müxtəlif qətnamələri neytrallaşdırmağa çalışırlar. Məsələn, Rusiya bir neçə il əvvəl Myanmada Arakan müsəlmanlarının qətlinə də seyrçi qalmış, BMT-dəki Myanmar generalları əleyhinə qətnamənin qəbulunun qarşısını almışdı.
İkincisi, Rusiya Myanmadakı generallarla sıx əlaqələrə malikdir. Myanmada hərbçi çevrilişdən təxminən 1 həftə əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu ölkəyə səfər etmiş və hərbi texnikanın satışı ilə bağlı saziş imzalamışdı. Həmin sazişi hərbi çevrilişi həyata keçirən generallar imzalamışdı. Rusiya Myanmaya ağır hərbi texnika satacaq. Bu saziş Yaponiya və Hindistanda narahatlıq doğurmuşdu. Çünki, həm Dehli, həm də Tokio Myanmanın Çinin və Rusiyanın təsiri altına düşməsini istəmirlər. Moskva silah satdığı Myanma generallarını qorumağa qərar verib.
Aydındır ki, bir gün Myanma generalları hakimiyyəti yenidən siyasətçilərə təhvil vermək məcburiyyətində qalacaqlar. Bu Myanmada bir neçə dəfə baş verib. Hakimiyyəti generallardan təhvil alan siyasətçilər dost və düşməni yaxşı tanımış olacaqlar”.