“Rusiya Prezidenti Vladimir Putin keçmiş sovet məkanında ölkəsinin təsirinin artdığını deyib. Hesab edirəm ki, o, Kremlin bu istiqamətdə daha fəal siyasət aparacağı mesajını verir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə söyləyib.
Onun sözlərinə görə, Moskva demokrat Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun postsovet ölkələrində fəallaşacağından narahatdır:
“Buna görə də, Kreml Vaşinqtonu qabaqlamağa çalışacaq. Moskvanın narahatlığı əbəs deyil. Çünki Rusiya son illərdə MDB məkanında bir çox mövqeyini əldən çıxarıb. Buna səbəb Rusiyanın öz qonşularına qarşı təzyiq və təcavüzkar niyyətləridir.
Rusiya Ukrayna, Mərkəzi Asiya və Cənubi Qafqazda ciddi problemlərlə üzləşib. Bu baxımdan, Rusiyanın sözügedən bölgələrdə ABŞ-la ciddi rəqabətə girəcəyi ehtimal olunandır. Əlbəttə, ABŞ Rusiyanın cəhdlərinə qarşı səssiz qalmayacaq, Moskvanın fəaliyyətinə mane olmağa çalışacaq.
Rusiya Ukraynada, Moldovada və Gürcüstanda Qərbə məğlub olub. Cənubi Qafqaz və Mərkəzi Asiyanı isə qismən təsir dairəsində saxlayır. Rusiya Qarabağdakı son savaşdan istifadə edərək, öz mövqelərini gücləndirməyə cəhd etsə də, daha ciddi maneə ilə rastlaşdı.
Qərb baş verənlərdən kənarda qalsa da, Rusiya bölgədə nüfuz dairəsi kifayət qədər geniş olan daha güclü faktorla – Türkiyə ilə üz-üzə qaldı. Moskva Ankara ilə hesablaşmaq məcburiyyətindədir”.
Məhəmməd Əsədullazadənin fikrincə, əvvəlki illərlə müqayisədə Rusiyanın Cənubi Qafqaza təsir imkanları kifayət qədər zəifləyib:
“Rusiya Gürcüstanda ABŞ, Azərbaycanda isə Türkiyə ilə üz-üzədir. Ermənistanı öz təsir dairəsində saxlasa da, burada da ABŞ -la rəqabətə girəcəyi istisna deyil. Ermənistanın mövcud rəhbərliyinin Qərbə meylli olduğunu nəzərə alsaq, proseslər Moskva üçün bir qədər dumanlı görünür. Bu baxımdan, Putinin son açıqlaması növbəti mərhələ üçün bir mesajıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan Türkiyə ilə daha fəal olmalı və öz mövqelərini gücləndirməyə çalışan Rusiyanı neytrallaşdırmalıdır.