Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə obyektlərində monitorinq fəaliyyətini davam etdirəcək.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Tehrana səfərdən geri dönən AEBA-nın baş direktoru Rafael Qrossi Vyana beynəlxalq hava limanında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, üç aylıq müddət üçün əldə edilmiş texniki razılaşmaya əsasən, inspektorlar öz işlərini davam etdirə biləcəklər, lakin onların müvafiq məkanlara girişi əvvəlki kimi olmayacaq.
R.Qrossi qeyd edib ki, qarşıdakı üç ay ərzində monitorinqlər və əməkdaşlıqla bağlı daha müfəssəl razılaşma üzərində iş aparılacaq.
Xatırladaq ki, R.Qrossinin İrana səfərinin səbəbi rəsmi Tehranın AEBA ilə əməkdaşlığını məhdudlaşdıracağını və İrana qarşı sanksiyaların tətbiqinin davam etdirilməsinə görə nüvə obyektlərində monitorinq aparmaq üçün bu ölkəyə səfər edəcək inspektorları ölkəyə buraxmayacağını elan etməsi olub.