27 Oktyabr 2014 16:13
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Məclisi bəyanat yayıb.

Teleqraf.com-un məlumatına görə, bəyanatda vurğulanıb ki, Müsavat Partiyası sentyabrın 27-də qurultayını demokratik və şəffaf şəkildə keçirib:

“Hələ qurultay keçirilməzdən əvvəl rayon təşkilatlarında keçirilən konfranslar və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib. Qurultay nümayəndələrinin yekun siyahısı da QHTK-nin iclasında yekdil səslə təsdiq edilib. Səslərin sayılması videokameraların çəkilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Paritet əsaslarla formalaşmış seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib. Müsavat Partiyasının qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir”.

Qurultaydakı seçkilərin nəticələrindən narazı qalanların iddiaları əsassız hesab edilib, üzvlərdən partiya rəhbərliyinə səslənən ittihamlara son qoymaq tələb olunub:

“Səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda bəzi kənar qüvvələr qurultayda hər hansı pozuntu barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürüb, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər