Bir qrup senator ABŞ Prezidenti Co Baydenə 1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa çağıran məktub göndərib.
Teleqraf.com xəbər verir ki, müəllifləri demokrat senator Bob Menendez və respublikaçı Con Kornin olan, 38 senator tərəfindən imzalanan məktubu Senatın Xarici Əlaqələr Komitəsi açıqlayıb.
Məktubda Baydenə ötən ilki bir çıxış xatırladılaraq, qondarma soyqırımı tanımağa çağırılıb.
2019-cu ildə ABŞ Konqresinin hər iki qanadı tərəfindən qəbul edilmiş “1915-ci il hadisələrinin soyqırımı kimi tanınması” barədə qərar layihəsinə toxunulan məktubda Bayden administrasiyasının hadisələri rəsmən “soyqırım” kimi tanıması və bunun üçün Konqresdə iştirak etməsinin lazım olduğu qeyd olunub.
Əvvəlki rəhbərliklərin bu istiqamətdə rəsmi addım atmadıqları və susqunluqlarına diqqət çəkilən məktubda Bayden bu sükutu pozmağa çağırılıb.
Bayden keçən il prezidentliyə namizəd olarkən 1915-ci il hadisələri ilə əlaqədar verdiyi açıqlamasında bu olayları “soyqırım” olaraq xarakterizə edib və prezident seçiləcəyi təqdirdə bu istiqamətdə Konqres layihəsini dəstəkləyəcəyini bildirib.