ABŞ-da fəaliyyət göstərən türk qeyri-hökumət təşkilatları aprelin 24-də Prezident Co Baydeni qondarma erməni soyqırımı iddialarını dilə gətirməkdən çəkinməyə çağırıblar.
Teleqraf.com xəbər verir ki, Türk-Amerika Komitəsi (TASC) tərəfindən bununla bağlı Baydenə məktub göndərilib.
“Aprelin 24-də verəcəyiniz bəyanatda Osmanlı-Erməni faciəsini soyqırım kimi qiymətləndirməməyiniz ABŞ-dakı türk cəmiyyəti üçün vacibdir”, - məktubda qeyd edilib.
Məktubda TASC-nin ABŞ-dakı Türkiyə, Azərbaycan və digər türkdilli icmalardan olan müxtəlif siyasi və dini baxışlı 1 milyon insanı təmsil etdiyi vurğulanıb və Baydenin ölkədəki mövcud parçalanmaların qarşısını almaq missiyasını dəstəklədikləri qeyd edilib.
1885-1919-cu illər arasında baş verən erməni qiyamları və onlara Osmanlı tərəfindən verilmiş cavablar nəticəsində faciəvi şəkildə insan itkisininin yaşandığı vurğulanan məktubda bildirilib ki, “soyqırım” ittihamları ilə yox, kompromislə irəli getmək daha ədalətli və uyğun yoldur.
Məktubda BMT-nin Cenevrə Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin bu olayları “soyqırım” kimi qəbul etmədiyi Baydenin diqqətinə çatdırılıb: “Aprelin 24-də böhtan atmaq əvəzinə, ermənilər və türklər arasındakı mürəkkəb vəziyyəti aradan qaldırmaq üçün liderlik edin”.
Vaşinqtonda fəaliyyət göstərən Türk-Amerika Dərnəkləri Assambleyası (ATAA) da Baydenə açıq məktub göndərərək, aprelin 24-də erməni təbliğatını yox, ABŞ-da təmsil etdikləri yarım milyon Amerika vətəndaşı olan türkü nəzərə almasını istəyib.