Fransa Belarusun Minsk-Barselona uçuşunu həyata keçirən sərnişin təyyarəsinin hava sahəsindən istifadə etməsinə icazə verməyib.
Teleqraf.com xəbər verir ki, Polşa Hava Naviqasiya Bürosunun verdiyi açıqlamada “Belaviya” Hava Yollarına məxsus sərnişin təyyarəsinin Barselona reysini yerinə yetirmək üçün Minsk Beynəlxalq Hava Limanından yola düşdüyü bildirilib, lakin Fransa təyyarənin yola düşməsindən 3 dəqiqə əvvəl uçuş planını ləğv edib.
Fransanın Polşa Hava Naviqasiya Bürosunu bu barədə məlumatlandırdığı və Polşanın məsələ ilə əlaqədar “Belaviya”nı xəbərdar etdikləri bildirilib.
Bu vaxt Polşa sərhədinə yaxınlaşan təyyarənin Belarusun Brest və Baranoviçi şəhərləri üzərində dövrə vurmağa başladığı və “Belaviya”nın uçuş yolunu dəyişdirmək üçün Marsel hava limanı ilə razılaşmağa çalışdığı deyilib. Lakin bu cəhdlər uğursuz olub. Barselonaya uçan təyyarə təxminən 2 saat havada qaldıqdan sonra Minskə qayıdıb.