14 İyun 2021 23:41
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın Nixon Universitetinin professoru Xiroaki Takazava ABŞ-la bağlı gizli hərbi sənədlər tapıb.

Teleqraf.com xəbər verir ki, sənədlərdə 1948-ci ildə hərbi cinayətlər üzündən beynəlxalq məhkəmə tərəfindən asılan Yaponiya Baş naziri Hideki Todzenin (Hideki Tojo) cəsədinin yeri barədə məlumatlar yer alıb.

Bu məlumatlar son vaxtlara qədər İkinci Dünya Müharibəsinin ən böyük sirlərindən biri idi.

Arxivlərə görə, Yaponiyanın ABŞ-a qarşı müharibəyə girməsinə və “Perl Harbor”a hücumuna təşəbbüs göstərən Tojonun yandırılmış cəsədinin külləri, Amerika ordusunun təyyarəsindən Yokohamadan 50 mil şərqdə Sakit okeanın üstünə səpələnib.

Professor Takazava 2018-ci ildə digər hərbi cinayətlər məhkəmələrini araşdırarkən Tojonun Vaşinqtondakı ABŞ Milli Arxivində ölüm sənədlərini ortaya çıxarıb. Alimin sözlərinə görə, Tojo və digər altı nəfər Uzaq Şərqdəki Beynəlxalq Hərbi Tribunal tərəfindən hərbi cinayətlərə görə asılıb.

23 dekabr 1948-ci il tarixli sənədlərdən birində ABŞ ordusunun mayoru Lüter Friersonun belə bir qeydi var: “Aşağıda adları qeyd olunan insanların cəsədlərini aldığımı, yandırılmasına nəzarət etdiyimi və şəxsən küllərini səpdiyimi təsdiqləyirəm. Onların külləri Səkkizinci Ordunun rabitə təyyarəsindən dənizə atıldı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər