“Ukrayna bir sıra ölkələrin Rusiyanın mümkün reaksiyası ilə bağlı narahatlıqlarına görə NATO-ya üzvlüklə bağlı Fəaliyyət Planını (MAP) ala bilmir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici işlər naziri Dmitro Kuleba deyib.
“Hazırda Ukraynaya MAP-ın verilməsi üçün əsas maneə Rusiya belə bir mesaj göndərmək istəməmələri ilə bağlıdır. İndi əsas məsələ bu skeptiklərlə, hələ də bəzi süni narahatlıqları olan ölkələrlə işləməkdir”, - nazir bildirib.
Kuleba həmin ölkələrin Ukraynanı NATO-ya qəbul etmək istəmədiklərini söyləyib.
O, qeyd edib ki, bütün bunlara baxmayaraq, Ukrayna fəaliyyət planını əldə etmək çərçivəsində islahatları davam etdirməlidir.
ABŞ Prezidenti Co Bayden dünən Ukraynanın NATO-ya üzv olma şərtlərini açıqlayıb. Onun sözlərinə görə, ölkə ərazisindəki hərbi əməliyyatlar bunun üçün maneə deyil.
Bundan əvvəl NATO Ukrayna və Gürcüstanın gələcəkdə ittifaqa qoşula biləcəyini bildirən son bəyanatını yayımlayıb.
Ukrayna Prezidenti Vladimir Zelenskinin iyulun sonunda amerikalı həmkarı Co Baydenlə görüşündə ölkəsinin NATO-ya üzvlüyünü müzakirə edəcəyi də açıqlanıb.