Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yaxın vaxtlarda Türkiyə tərəfi ilə görüş keçirəcəklərini və Ankaranın Ukrayna ilə hərbi əməkdaşlıq məsələsini qaldıracaqlarını söyləyib.
Teleqraf.com xəbər verir ki, bundan əvvəlki açıqlamalarda Türkiyənin Ukraynaya PUA və hərbi texnika satmasından narahat olduğunu dilə gətirən Moskva rəhbərliyi yeni açıqlaması ilə bu vəziyyəti masaya qoyacağına işarə edib.
“Tezliklə Türkiyə tərəfi və Ankaranın Kiyevlə etdiyi hərbi əməkdaşlığı, eləcə də Ukraynanın NATO-ya daxil olması prosesi barədə danışacağıq. Ukrayna ilə Türkiyənin donanması arasındakı əməkdaşlıq planları ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatından bəhs etdiniz. Ukraynanın NATO-ya daxil olma cəhdləri ilə əlaqədar nə düşündüyümüzü çox açıq və konkret şəkildə bildirdik. Şübhə etmirəm ki, ciddi və tədbirli ölkələr danışdıqlarımızı çox yaxşı başa düşürlər”, - deyə S.Lavrov vurğulayıb.