ABŞ ilə İranın təsiri altında olan qüvvələr arasında baş verən silahlı qarşıdurmaların ardınca İran bölgəyə yeni yük daşımaları həyata keçirib.
Teleqraf.com xatırladır ki, Suriya-İraq sərhəd xəttində ABŞ və İran arasında gərginlik qarşılıqlı bombardmanlarla davam edir.
Deyrizor şəhərinə aid el-Bukemal və Meyadin bölgələrində İran tərəfindən dəstəklənən silahlı dəstələrin qərargahları ABŞ tərəfindən vurulub. İran təsirində olan silahlı dəstələr isə ABŞ bazalarının olduğu Koniko və Hak el-Ömər neft sahələrinə zərbələr endirib.
Suriyalı müxalifətçi polkovnik Əbu Abdo deyib ki, hər iki tərəf hazır vəziyyətdədir:
“Baş verənlərin ardınca İran bölgədə olan ona bağlı qüvvələrin hərbi taktikasını və mövqelərini dəyişdirir. İraqdan şiə milisləri ilə birlikdə ballistik raketlər daşınır. İran İnqilab Keşikçiləri Korpusunun çox sayda mütəxəssisi və yüksək çinli zabitləri Humus və Deyrizor xəttinə göndərilib. İrana bağlı silahlı dəstələr bir yandan ABŞ-a aid Tanef bazasından ola biləcək hava zərbələrinə, digər yandan Fəratın qərbindən ola biləcək həmlələrə qarşı hazırlıq görür”.