11 İyul 2021 15:09
1 473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müdafiə sahəsində atdığı addımlar və ordusunu daha da gücləndirməsi Yunanıstan mediasının gündəmindədir.

Teleqraf.com xəbər verir ki, “Greek Reporter” Yunanıstanın Prezident Rəcəb Tayyib Ərdoğanın dəniz qüvvələrinin gücləndirməsi yönündəki addımlarını narahatlıqla izlədiyini yazıb.

Məqalədə Yunanıstanın uzun müddət müttəfiq kimi baxdığı Almaniyanın Türkiyəyə verdiyi dəstəyə də diqqət çəkilib.

Son sualtı gəmi satışı ilə Almaniyanın Türkiyəyə verdiyi dəstəyin Yunanıstanı ciddi şəkildə qorxutduğu bildirilib. Qeyd edilib ki, Yunanıstan hökuməti iyun ayında rəsmi Berlindən Türkiyəyə sualtı gəmi satışının dayandırılmasını istəyib. Lakin alman hökuməti bu tələbi rədd edib.

Almaniya müdafiə naziri Anneqret Kramp-Karrenbauer satışın dayandırıla bilməyəcəyini və hətta təxirə salına bilməyəcəyini söyləyərək Yunanıstanın tələbini geri çevirib.

Məqalədə Yunanıstanın Avropa Birliyindən Ankaraya hərbi embarqo tələblərinə baxmayaraq, Almaniyanın Türkiyəni dəstəkləməyə davam etdiyi vurğulanıb.

“Yunanıstan Prezident Ərdoğanın dəniz qüvvələrini ən müasir silahlarla gücləndirməsini narahatlıqla izləyir”, - mənbə qeyd edib.

Məqalədə Almaniyanın həm immiqrasiya probleminə, həm də strateji və iqtisadi səbəblərə görə Türkiyə ilə qarşıdurmadan çəkindiyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər