11 İyul 2021 19:54
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Xarici İşlər Nazirliyi Əfqanıstanla sərhəddə yerləşdirilən hərbi texnika ilə bağlı məlumatları təkzib edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkmənistan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bəzi KİV-lərdə Türkmənistan-Əfqanıstan sərhədinə hərbi texnikanın çəkilməsinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil:

“Son günlərdə bir sıra Rusiya KİV-ləri Türkmənistan-Əfqanıstan sərhədindəki vəziyyətlə bağlı yoxlanılmamış və açıq qərəzli məlumatlar yayırlar”.

Xarici İşlər Nazirliyi, Türkmənistan və Əfqanıstan xalqlarının qardaş olduğunu bildirib və iki dövlətin sərhədini "dostluq və əməkdaşlıq sərhədi" kimi adlandırıb. Açıqlamada o da qeyd olunub ki, Türkmənistan Müdafiə Nazirliyinin məlumatına görə, sərəncamında olan bütün hərbi hissələr, şəxsi heyət və hərbi texnika daimi yerlərindədir və nəzərdə tutulmuş proqrama uyğun olaraq planlı təlimlər davam etdirilir.

Nazirlik Aşqabadın qardaş Əfqanıstanla dinc və mehriban qonşuluq əlaqələrini qorumağa və gücləndirməyə çalışdığını vurğulayıb. Onlar insanları bu cür dezinformasiyadan qaçmağa çağırıb:

"Türkmənistan uzun müddət əziyyət çəkən Əfqanıstan torpağında sülhün bərpası üçün siyasi və diplomatik mexanizmlərin və vasitələrin axtarılmasının və həyata keçirilməsinin tərəfdarıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər