15 İyul 2021 22:39
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın yüksək vəzifəli şəxsləri 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampı dəstəkləməyə yönəlmiş gizli casusluq əməliyyatına icazə veriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərənin “The Guardian” nəşri ələ keçirdiyi məxfi sənədələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, məsələ ilə əlaqədar 2016-cı ilin yanvarında Moskvada Rusiyanın Təhlükəsizlik Şurasının qapalı iclası keçirilib. İclasda Prezident Vladimir Putindən əlavə, o vaxtkı baş nazir Dmitri Medvedev, Xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, Rusiya Xarici Kəşfiyyat Xidmətinin o zamankı direktoru Mixail Fradkov, FSB rəhbəri Aleksandr Bortnikov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də iştirak edib.

Görüş zamanı Rusiya liderinə Trampın prezident seçkilərindəki qələbəsinin Moskvaya fayda verə biləcəyi barədə hesabat təqdim edildiyi qeyd olunub. İddia edilib ki, Respublikaçılar Partiyasından bir namizədin seçilməsi ABŞ-ın siyasi sistemində sabitliyin pozulmasına və sosial partlayışa səbəb olacaq, gələcəkdə Amerika liderlərinin danışıqlardakı mövqelərinin zəifləməsinə kömək edəcək. Hesabatda Tramp zehni olaraq qeyri-sabit, impulsiv və balanssız şəxs olaraq qiymətləndirilib. Həm də mətndə Trampın Moskvaya səfəri zamanı baş verən müəyyən hadisələrə toxunulub və Rusiya tərəfinin siyasətçi ilə əlaqəli kompromat və ya digər materiallara sahib olduğu bildirilib.

“The Guardian” qəzetinin yazdığına görə, görüşdən sonra Amerika seçkilərinə müdaxilə etmək üçün idarələrarası plan imzalanıb. Eyni zamanda, Putin, Şoyqu, Fradkov və Bortnikovun daxil olduğu gizli idarələrarası komissiyanın yaradılması barədə sənəd imzalanıb. Onların hər birinə Təhlükəsizlik Şurasının iclasında qəbul edilmiş planda göstərilən tapşırıqların icrası üçün idarə və xidmətlərinin işinə nəzarət etmək tapşırılıb. Xüsusilə, Müdafiə Nazirliyi lazımi məlumatların toplanması və sistemləşdirilməsi və Amerikanın kiber hədəflərinin sındırılması üçün qrup və vasitələrin hazırlanması ilə məşğul olmalı idi.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ingilis qəzetinin sorğusuna cavab olaraq, belə bir gizli görüşün olmadığını iddia edib. Tramp isə “The Guardian”ın sualına cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər