Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Gebreyesusun koronavirusun yeni və təhlükəli növünün ortaya çıxması ilə bağlı iddiasına cavab verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Lenta.ru-ya açıqlamasında danışıb.
“Bu ola da bilər, olmaya da bilər. Böyük ehtimalla olmayacaq... Bu, ehtimallar məsələsidir. Hər şey virusun əhali arasındakı yoluxma sayından və ya nə qədər insana yoluxmasından asılıdır. Yoluxma nə qədər çox olsa, ehtimal o qədər yüksəkdir”, - professor bildirib.
Aqranovski mutasiyanın davam etdiyini və bu prosesdə ortaya çıxan bir çox virusun məhv edildiyini deyib: “Delta kimi mutasiyalar selikli qişalara daha yaxşı yapışaraq daha çox yoluxucu ola bilir. Amma müxtəlif variantlar ortaya çıxa bilər və hər şey populyasiyadakı virusun həcmindən asılıdır”.
Aqranovski bu günə qədər hazırlanmış peyvəndlərin məlum olan ştammlara qarşı təsirli olduğunu, amma vəziyyətin yalnız texnologiyanın vəziyyətindən yox, həm də peyvəndlənmənin həcmindənm asılı olduğunu söyləyib.
Professor hesab edir ki, Rusiyada yoluxmanın yüksək olması insanların peyvənd vurdurmağa həvəs göstərməməsi lə əlaqədardır.
Qeyd edək ki, ÜST rəhbəri bundan əvvəl dünya miqyasında yoluxmanın artmasına uyğun olaraq, koronavirusun delta variantından da təhlükəli ştamlarının ortaya çıxacağını söyləyib.