ABŞ-ın Kaliforniya ştatında təxminən bir aydır davam edən “Dixie” yanğınında kül olan meşə sahəsinin təxminən 200 min hektara çatdığı və yanğının yalnız beşdə birinin nəzarətə götürüldüyü bildirilib.
Teleqraf.com xəbər verir ki, iyulun 13-də ştatın şimal-qərbində başlayan, meşə canlılarını təhdid edən yanğında 198 min hektar meşə sahəsinin məhv olduğu, yanğının cəmi 21 faizinin nəzarətə alındığı deyilib.
Bu, Kaliforniya tarixində ikinci ən böyük yanğın hesab olunur.
Kaliforniya Meşə Yanğınlarına qarşı Mübarizə departamentinin Rayan Bayn qeyd edib ki, bölgədə hökm sürən mövcud hava şəraiti yanğının daha da sürətlənməsinə şərait yarada bilər.
“Dixie” yanğını səbəbiylə 800-dən çox insanın yaşadığı, ştatın şimal-qərbindəki tarixi Qrinvil şəhəri tamamilə məhv olub, 180-dən çox bina yararsız hala düşüb.
ABŞ Milli İdarələrarası Yanğın Mərkəzi bu ilin əvvəlindən bəri ölkə daxilində 37 mindən çox yanğın nəticəsində 3 milyon hektardan çox ərazinin kül olduğunu açıqlayıb.