“Bəşəriyyət koronavirusun müxtəlif növləri ilə mübarizəsini davam etdirir, virusun bir növü yoxa çıxmağa yaxın olarkən, yenisi peyda olur və mübarizı dayandığı yerdən davam edir. Virusla mübarizə davam edərkən virusun necə peyda olduğu müzakirələri də azalmır”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzindən Teleqraf.com-a daxil analitik materialda bildirilib.
Məqalədə qeyd edilib ki, ABŞ kəşfiyyatı koronavirusun yaranması haqqında məlumatı olan çinli alimlər və həkimlər içərisindən xəfiyyə axtarışına çıxıb:
“Amerika kəşfiyyatı ilkin məqamda virusun yayıldığı Çinin Uhan şəhərindəki laboratoriyanın genetik məlumat bazasını ələ keçirib. Ancaq baza məlumatlarının şifrələrinin açılmasına ehtiyac var. Bunu isə ancaq həmin laborarotiyada çalışan çinli alim və həkimlər yerinə yetirə bilərlər.
ABŞ kəşfiyyatı Çindən istədiyi məlumatları əldə etməkdə israrlıdır. Yaxın keçmişdə Amerikaya tərəf qaçan çinli alim və həkimlər qeydə alınmış və onlar virusun yaranması və yayılması barədə ABŞ kəşfiyyatına müfəssəl məlumatlar vermişdilər. Görünür, Amerika kəşfiyyatı üçün bu kifayət deyil ki, daha çox məlumata ehtiyac duyur.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı Partiyasının üzvləri avqustun 2-də hesabat yayımladılar. Həmin hesabata görə, virusun Uhan laboratoriyasından yayıldığı qənaətinə gəlinirdi. Bu hesabat açıq mənbələrdən toplanan məlumatlar əsasında hazırlanmışdı. Hesabat müəllifləri ABŞ prezidentinə Uhanda çalışan alimlərə qarşı sanksiyaların tətbiqinə çağırırdılar.
Dünya Səhiyyə Təşkilatının nümayəndə heyəti araşdırma aparmaq məqsədilə Uhan laboratoriyasında olmuşdu. Ancaq təşkilat ikinci səfərə də ehtiyac duyduğunu açıqlamışdı. Birinci səfərə icazə verən Pekin təşkilat nümayəndələrinin Uhan labroratoriyasında ikinci tədqiqatına “yox” dedi. Bu da yeni şübhələrə yol açdı”.
Məqalədə vurğulanıb ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp “Fox News” televiziya kanalına müsahibəsində virusun Uhan laboratoriyasından yayıldığına şübhə etmədiyini bildirib:
“Tramp ona görə də virusu “Çin virusu” olaraq adlandırdığını vurğulayıb. Tramp müsahibəsində sosial şəbəkələrdən də şikayət edib: “Sosial şəbəkələr virusun laboratiyada hazırlandığı xəbərlərini yayan insanları blok etdi. Mən yenə də o fikirdəyəm ki, koronavirus laboratoriyada peyda olub və indi bir çoxları mənim qənaətimi bölüşür”.
Co Baydenin prezident kampaniyası zamanı əsas vədi virusa qarşı mübarizəni gücləndirəcəyi idi. Həqiqətən Bayden prezidentliyinin ilk aylarında virusa qarşı vaksinasiyanı genişləndirdi və müsbət nəticələr əldə edildi. Ancaq virusun yeni növləri peyda olduqca Amerikada vəziyyət yenidən pisləşib. Misal üçün bir qisim mütəxəssisinin hesablamalarına görə, Amerikada virusa yoluxanların gündəlik sayı 300 minə çatacaq. İndiki rəqəmlər 70 mindir.
Virusun Amerikada geniş yayılmasını şərtləndirən digər səbəb qadağaların və məhdudiyyətlərin ortadan qaldırılmasıdır. Buna görə də Ağ Ev sahibi ştatların qubernatorlarına tapşırıq verib: “Əhalinin tamamı vaksinasiya olunmalıdır!”. Co Bayden hələ ki, vaksinasiyanın məcburi şəkildə tətbiqinə qərar verməyib. Ancaq Amerikada vəziyyət yenidən mürəkkəbləşərsə vaksinasiyanın məcburi xarakter daşımasının alternativi olmayacaq”.