6 Dekabr 2021 14:00
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ vitse-prezidenti Kamala Harrisin komandasından olan şəxslərin ardıcıl istefa verməsi Ağ Evdə ən çox danışılan mövzulardan birinə çevrilib.

Teleqraf.com xəbər verir ki, türk yazar Əli Çınar ABŞ Prezidenti Baydenin yerinə gəlməsi gözlənilən Harrisin komandasındakı istefaların pərdəarxasına diqqət çəkib.

ABŞ-da keçirilən sosioloji anketlərdə Prezident Co Bayden və onun müavini Kamala Harrisin uğur göstəriciləri 40 faizə düşdüyü halda, Amerika ictimaiyyəti son iki həftə ərzində Ağ Evdə baş verən istefalardan danışır.

Vitse-prezident Kamala Harrisin kommunikasiyalar üzrə direktoru Aşley Etienne, daha sonra mətbuat katibi və baş məsləhətçisi Symone Sander istefa verib. Bu istefaların arxasında Harrisin öz komandasını idarə edə bilməməsi və ofisdə artan qarışıqlığın ola biləcəyi ehtimal edilir. Təxminən iki aya yaxındır Prezident Baydenin Harrisi disfunksiyaya çevirdiyi və iki siyasətçinin komandaları arasında problemlər olduğu haqda fikirlər dolaşır.

Zaman-zaman “2024-cü il prezident seçkilərində kim namizəd olacaq?” sualları gəlir. Aydın olan odur ki, 45-ci prezident Donald Tramp Respublikaçılar Partiyasından namizəd olacaq. Ona ən yaxın olan digər namizəd Florida qubernatoru Ron DeSantisdir.

Demokratlar tərəfdən isə mətbuat katibi Cen Psakinin özü bildirib ki, Prezident Bayden 2024-cü ildə yenidən namizəd olmaq istəyir. Onun yaxın dostu, senator Chris Dodd Baydenin yenidən yarışa girmək planlarının olduğunu açıqlayıb. Amma Baydenin nə enerjisi, nə də indiki performansı onun yenidən seçkilərə qatılacağına işarə vermir. Demokratların ən güclü namizədi Kamala Harris sayıla bilər. Çünki “The Hill”in son sorğusuna əsasən, Harris 13 faiz, Mişel Obama isə 10 faizlə Demokratlar Partiyasının aparıcı namizədlərindən biridir. Mümkün digər namizədlər isə Berni Sanders və Elizabet Varrendir.


Müəllif: Nemət