İsrail Nümayəndələr Palatasının Maliyyə Komitəsi “gizli” məqsədlərlə bağlı istifadə edilmək üçün 9 milyard yeni İsrail şekeli (təxminən 2,9 milyard dollar) məbləğində əlavə müdafiə büdcəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Məlumata görə, 2021-ci il üçün davam edən büdcə zərfi prosesinin bir hissəsi olaraq Palatada 8 saatlıq iclasdan sonra əlavə müdafiə büdcəsi təsdiq edilib.
Sözügedən büdcənin məqsədlərinin “gizli” olduğu qeyd edilir. Bunun “İranın nüvə proqramını cilovlamaq üçün diplomatik səylərin uğursuz olacağı təqdirdə İsrailin son çarə olaraq bu ölkəyə qarşı hərbi əməliyyat üçün fövqəladə vəziyyət planları hazırlayır” xəbərlərindən sonra ortaya çıxması diqqət çəkib.
Təl-Əviv administrasiyası zaman-zaman “nüvə silahı əldə etmək səylərini davam etdirəcəyi təqdirdə İranın obyektlərinə hərbi əməliyyat keçirəcəyi” ilə hədələyir.
Dekabrın 20-də İsrailin müdafiə naziri Benni Qantz iqtisadi çətinliklərə görə İranın əlinin zəif olduğunu və nüvə danışıqlarında istifadə edilən “diqqət yayındırma strategiyası”na qarşı tezliklə “açıq və gizli fəaliyyətlərin genişləndiriləcəyini” bildirib.
İsrail prezidenti İsaak Hersoq da dekabrın 22-də deyib ki, razılaşmanın olub-olmamasından asılı olmayaraq İranın nüvə təhdidi təsirsiz hala gətirilməlidir.