8 Fevral 2022 15:27
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin noyabrında İranın ən mühüm nüvə alimi M.Fəhrizadə öldürülüb. Fəhrizadə süni intellektin köməyi ilə uzaqdan idarə olunan pulemyotdan açılan atəş nəticəsində həlak olub.

Teleqraf.com xatırladır ki, hərəkətdə olan hədəfə qarşı belə bir sui-qəsdi həyata keçirmək anbaan kəşfiyyat məlumatı tələb edir.

Sui-qəsddən sonra İranın Kəşfiyyat naziri Mahmud Ələvi iddia edib ki, hadisədən iki ay əvvəl təhlükəsizlik qüvvələri Fəhrizadəyə onun vurulduğu yerdən hücumun planlaşdırıldığı barədə xəbərdarlıq edib.

Sui-qəsdi planlaşdıran şəxsin “silahlı qüvvələr mənsubu” olduğunu deyən Ələvi, “Silahlı Qüvvələrə qarşı kəşfiyyat əməliyyatı keçirə bilmədik” ifadəsini işlətmişdi.

Lakin o, dolayısı ilə sui-qəsdin arxasında İranın ən elit hərbi birliyi olan İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olduğunu eyham edib. Əgər bu iddia doğrudursa, bu şəxs İnqilab Keşikçiləri təşkilatında yüksək səviyyəli bir şəxs olmalı, başqa bir kəşfiyyat birliyinin konkret xəbərdarlıqlarına məhəl qoyulmamasına əmin olmalı və müəyyən tarix, saat və yerdə həmin sui-qəsdi həyata keçirməli idi. Möhsin Fəhrizadənin vaxtilə İnqilab Keşikçiləri Korpusunun üzvü olduğu da məsələyə diqqəti artırır.

Xarici ölkələrə casusluqda ittiham olunanların saxlandığı Tehrandakı həbsxananın şəxsi təhlükəsizlik bölməsindən olan mənbələr BBC-yə bildiriblər ki, ora İnqilab Keşikçiləri Korpusunun bir neçə yüksək rütbəli komandiri gətirilib. Ehtimal olunur ki, İran hökuməti İnqilab Keşikçiləri Korpusunun nüfuzuna xələl gətirməmək üçün bu şəxslərin adlarını və rütbələrini açıqlamır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun xaricdə əməliyyatlar aparan Qüds qüvvələri bölməsinin keçmiş kəşfiyyatçısı BBC-yə bildirib ki, xarici kəşfiyyat agentlikləri bəzi İran səfirləri və SEPAH komandirləri haqqında ətraflı məlumat toplayıb. Həmin şəxs əlavə edib ki, bunlara qadınlarla münasibət kimi məlumatlar daxildir ki, bunun da sonradan şantaj vasitəsi kimi istifadə olunması təhlükəsi onları xarici agentlərlə əməkdaşlığa vadar edir.

2018-ci il yanvarın sonlarında, gecə vaxtı təxminən 10 nəfər paytaxt Tehrandan 30 kilometr aralıdakı sənaye zonasının anbarına daxil olub. Burada 32 seyf yerləşibmiş. İçəri girənlər öncədən bilirdilər ki, onların hansında ən qiymətli material var. Yeddi saatdan az vaxt ərzində onlar 27 seyfin qıfıllarını əridiblər və yarım ton ağırlığında gizli nüvə arxivini götürərək izsiz yoxa çıxıblar. Bu, İran tarixindəki ən ehtiyatsız quldurluqlardan biri idi, lakin hakimiyyət susmağa üstünlük verib. Üç ay sonra oğurlanmış sənədlər 2 min kilometr kənarda Təl-Əviv şəhərində ortaya çıxarılıb.

O zaman baş nazir olan Benyamin Netanyahu oğurlanmış materialı sərgiləyərək, İsrailin xarici kəşfiyyat agentliyi Mossadın əməliyyatı nəticəsində ələ keçirildiyini bildirib. İran rəsmiləri isə o zaman bu sənədlərin saxta olduğunu və belə bir hadisənin heç vaxt baş vermədiyini bildiriblər.

İranın keçmiş prezidenti Həsən Ruhani 2021-ci ilin avqustunda vəzifəsinin son günündə İsrailin İranın nüvə sənədlərini oğurladığını təsdiqləyib və bunun sübutunu ABŞ prezidenti Donald Trampa təqdim edib.

Son iki onillikdə İranın ən tanınmış nüvə alimlərindən bəziləri öldürülüb. İranın nüvə və hərbi obyektlərinə qarşı çoxsaylı təxribatlar həyata keçirilib. Lakin indiyə qədər İran təhlükəsizlik qüvvələri hücum edənləri və planlaşdıranları tuta bilməyib. 2013-cü ildə Mahmud Əhmədinejadın prezidentliyinin son ilində, SEPAH komandirləri, kəşfiyyat zabitləri və hətta din xadimlərinin Mossad casusluğu ittihamı ilə həbs olunduğu barədə şayiələr yayılmışdı. Amma bu söz-söhbətlər heç vaxt rəsmi təsdiqini tapmayıb.

Təqsirləndirilən şəxslərdən biri İran Kəşfiyyat Nazirliyinin İsrail üzrə əks-kəşfiyyat idarəsinin rəisi olub. İddiaya görə, İran İnqilab Məhkəməsi onu səssizcə mühakimə edib, ölüm hökmü çıxarıb və hökm heç kimin dinləməsi olmadan həyata keçirilib.

Sabiq prezident Əhmədinejad Mossadın onun hakimiyyəti dövründə Kəşfiyyat Nazirliyinə sızdığını təsdiqləmişdi.

“İsrail agentlərinin, onların İrandakı planının zərərsizləşdirilməsinə cavabdeh olan ən yüksək məmurun özünün İsrail agenti olması normaldırmı?”, - sabiq prezident demişdi.

İsrail nadir hallarda xarici kəşfiyyat qurumu - Mossadın fəaliyyətini şərh edir. İsraildə istefada olan generalı və keçmiş müdafiə naziri Amos Gilad deyib ki, bunun mühüm səbəbi var: “Mən hər cür reklamın əleyhinəyəm. Əgər vuracaqsansa, danışma, vur. Mossad heç kim eşitmədən gizli şəkildə, möhtəşəm əməliyyatlar keçirməsi ilə məşhurdur”.

Keçmiş İran rəsmiləri bu günlərdə Mossadın İranın təhlükəsizlik və kəşfiyyat orqanlarında yüksək səviyyədə sızmasından narahatdır.

Keçmiş prezident Həsən Ruhaninin müşaviri və İranın keçmiş kəşfiyyat naziri Əli Yunusi son müsahibəsində xəbərdarlıq edib: “Mossad-ın ölkənin bir çox bölgələrində təsiri o qədər genişdir ki, İran rəhbərliyinin hər bir üzvü həyatı, təhlükəsizliyi üçün qorxmalıdır”.


Müəllif: Nemət

Oxşar xəbərlər