10 Fevral 2022 15:09
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Rusiyanın qaz nəqlini dayandırmasından narahatdır. ABŞ hökuməti Almaniyaya təzyiq göstərir. Avropanın Rusiyadan asılılığını azaltmaq üçün Türkiyənin mövqeyi burada qabarıq formada önə çıxır.

Teleqraf.com xəbər verir ki, yaranan gərgin vəziyyəti türk analitik Mehmet Acet şərh edib.

O deyib ki, Almaniyanın kansleri Olaf Şolz bir neçə gün əvvəl Vaşinqtonda ABŞ prezidenti Co Baydenin qonağı olub:

“Şolz və Baydenin mətbuat konfransının sual-cavab sessiyasının diqqət mərkəzində uzun müddətdir ABŞ-Rusiya-Almaniya üçbucağında ciddi gərginlik məsələsi olan “Şimal axını-2” boru kəmərinin işə düşüb-düşməməsi məsələsi olub. Bayden sanki “bişirilmiş qazana su əlavə edir” kimi qaz keçidi üçün istifadə olunmağı gözləyən hazır boru kəmərinin işə salınmasının qarşısını almaqda qərarlı görünür. Bayden Almaniya kansleri onun yanında olarkən açıq bildirdi ki, “Şimal axını-2” həyata keçməyəcək, buna son veriləcək. Kansler isə kameralar ona tuşlandığı təqdirdə ümumi fikirlər işlədərək vəziyyətdən çıxdı. Bildirdi ki, nə edəcəyiksə, birlikdə edəcəyik. Bayden isə bir daha bəyan etdi ki, Almaniyadan heç bir şübhəsi yoxdur, bu ölkəyə tamamilə güvənir”.

Analitik qeyd edib ki, son vaxtlara qədər almanlar Amerika tərəfinin bu layihə ilə bağlı təzyiqlərinə qarşı dik dura bilirdilər: “Hətta Tramp dönəmində müstəmləkə qubernatoru kimi açıqlamalar verən ABŞ-ın Berlindəki səfirinə də açıq şəkildə cavab verilmişdi. Amma indi vəziyyət dəyişib. Ukrayna böhranı ilə əlaqədar Rusiya təhlükəsinin də hərbi baxımdan artması Berlin administrasiyasını dilemmalarla dolu bir prosesə sürükləyib. Məlum olduğu kimi, İkinci Dünya Müharibəsindən sonra əldə edilən razılaşmalarla Almaniyanın təhlükəsizliyi ABŞ-ın qarantiyası altındadır. Yəni iqtisadi nəhəng olsa da, Almaniyadan hərbi çəkindirməkdən danışmaq mümkün deyil. Ona görə də ABŞ indi bu təhlükəsizlik zəmanətindən “Şimal axını-2” layihəsi ilə bağlı “kozır” kimi istifadə edərək Berlin administrasiyasını seçim etməyə məcbur edir. Berlin administrasiyası isə “belə bir vəziyyətdə ruslar qazımızı kəssə, həm donub qalacağıq, həm də iqtisadiyyatımız çökəcək” deyə bəhanə gətirir. Məhz bu məqamda ildə 500 milyard kubmetr təbii qaza ehtiyacı olan Avropa qitəsinin qaza olan tələbatının (Türkiyədən təxminən 10 dəfə çox) gələcəkdə necə ödəniləcəyi sualı gündəmə gəlir”.

Mehmet Acet xaxırladır ki, ABŞ tərəfi Avropanın, xüsusən də Almaniyanın qaz ehtiyacını Rusiyadan başqa variantlarla qarşılamaq üçün müəyyən addımlar atıb: “Bir neçə həftə əvvəl Qətər əmiri Təmim Ağ Evdə qonaq edilib və Qətər qazının Avropaya nəqli üçün həll yolları müzakirə edilib. Öncə qeyd etmişdim ki, ABŞ-ın Yunanıstanın Aleksandropol limanında tikinti aparmasının arxasında duran məqsədlərdən biri bu limana maye qaz gətirməklə Avropanın qaz ehtiyacını dəstəkləməkdir. Əgər ABŞ-ın istədiyi kimi işlər Avropanın Rusiyadan təbii qaz asılılığını artırmayacaqsa, “Şimal axını-2” kəməri reallaşdırılmayacaqsa, qısa müddətli müvəqqəti həll yolları əvəzinə daha qalıcı və yüngülləşdirici narahatlıqlara ehtiyac olduğu ortaya çıxır. Bu məqamda Türkiyənin enerji keçid marşrutu baxımından əvəzsiz mövqeyi ağla gəlir. Qısa müddətdə nə olacağı bilinmir, lakin orta və uzunmüddətli perspektivdə Şərq və Cənubdan Şimal və Qərbə doğru yeni enerji dəhlizləri yaradılacaqsa, bütün yolların Türkiyəyə apardığını söyləmək olar. Ehtimal edirəm ki, bu yaxınlarda ABŞ-ın Yunanıstanın “East-Med” layihəsinin dəstəyini çəkməsi də bu vəziyyətlə birbaşa əlaqəli olmalıdır.

Üstəlik İsrail qazının Avropaya nəqli üçün ən qənaətli və əlverişli xəttin Türkiyədən keçəcək boru kəməri olması fikri getdikcə güclənir. Gələn ay Türkiyəyə səfəri gözlənilən İsrail prezidenti Hersoqun ən mühüm gündəminin enerji və təbii qazın olduğu indidən məlumdur. Prezident Ərdoğanın İsraillə münasibətlərin normallaşması ilə bağlı verdiyi açıqlamalarda keçmişdə enerji əməkdaşlığı ilə əldə edilən yaxınlaşmaya işarə etdiyi də məlumdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər