“Rəsmi Təl-Əviv Ankara ilə yaxınlaşma prosesində “Həmas” üzvlərinin Türkiyədən çıxarılmasını şərt kimi irəli sürməyib”.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin rəsmi mənbələrinə istinadən “Yerusəlim Post” qəzeti yazıb.
Təl-Əvivin bu prosesdə Türkiyəyə heç bir ön şərt irəli sürmədiyini vurğulayan İsrail rəsmisi deyib:
“Yaxınlaşma mövzusunda Türkiyənin qarşısına şərt qoymamışıq. Qarşılıqlı jestlər hər iki tərəfdən çox diqqətlə edilir”.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sədat Önal Fələstin və İsrailə iki günlük səfər edəcək. Nümayəndə heyətinin Fələstində Mahmud Abbas tərəfindən qəbul ediləcəyi və digər ölkə rəsmiləri ilə görüşəcəyi gözlənilir.
Nümayəndə heyəti İsrailə səfəri zamanı Prezident İsahaq Hersoqun Türkiyəyə səfərinə hazırlığı müzakirə edəcək, siyasi məsləhətləşmələr aparacaq.