Ağ Evin sözçüsü Cen Psaki keçirdiyi mətbuat konfransında Ukrayna-Rusiya gərginliyindəki son hadisələri dəyərləndirib.
Teleqraf.com xəbər verir ki, Psaki Rusiyanın son addımlarının Ukraynaya qarşı işğalın başlanğıcı olduğunu deyib.
O, diplomatiyanın qapılarını bağlamadıqlarını, ancaq diplomatik səylərin uğurlu olması üçün Rusiyanın gərginliyi azaltması lazım olduğunu vurğulayıb.
Psaki Bayden və Putin arasında mümkün görüşlə bağlı bunu deyib:
“Hazırda belə bir şey planlarımızda yoxdur”.
Ağ Evin sözçüsü Rusiyanın SWIFT sistemindən çıxarılmasını ilk sanksiyalar paketinə daxil etmədiklərini, amma bu ehtimalın hələ də müzakirə mövzusu olduğunu bildirib.
Rusiyanın Ukraynaya qarşı daha sərt addımlar ata biləcəyini söyləyən Psaki Ukraynanın paytaxtı Kiyevin işğalının hələ də real ehtimal olduğunu iddia edib.
O, əlavə edib ki, amerikalılar da yüksək qaz və neft qiymətlərinə hazır olmalıdırlar.
Ağ Ev Milli Təhlükəsizlik Şurası rəhbərinin müavini Dalip Sinqx da Psakinin gündəlik mətbuat konfransına qatılaraq açıqlamalar verib.
Rusiyanın uzun zamandır gözlənilən Ukrayna işğalının başladığını qeyd edən Sinqx bu vəziyyətə müttəfiqlər və tərəfdaşlarla tez bir zamanda cavab verildiyini bildirib.
“Şimal axını 2” təbii qaz boru xəttinin Almaniya ilə məsləhətləşmələrdən sonra fəaliyyət göstərməyəcəyinə diqqət çəkən Sinqx bunun dünyanın Rusiyadan enerji müstəqilliyinin təmin edilməsində mühüm dönüş nöqtəsi olacağını deyib.
ABŞ-ın iki Rusiya bankına qarşı sanksiya qərarlarını xatırladan Sinqx bu bankların artıq nə ABŞ, nə də Avropa ilə maliyyə əməliyyatları apara biləcəyini vurğulayıb.
“İşğal davam edərsə, heç bir Rusiya bankı ABŞ-ın sanksiyalarından yayına bilməyəcək”, - Ağ Ev rəsmisi söyləyib.
Sanksiyaların Rusiya iqtisadiyyatını hədəf aldığını vurğulayan Sinqx əlavə edib:
“Tədbirlərimizin heç biri qlobal bazarlara enerji axınını pozmaq üçün nəzərdə tutulmayıb. Qlobal enerji bazarında sabitliyini təmin etmək üçün əsas neft istehsalçıları və istehlakçıları ilə koordinasiyalı plan həyata keçiririk”.