17 Mart 2022 09:23
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya-Ukrayna müharibəsi bir neçə məsələni üzə çıxardı. Birincisi, Avropanın ikiüzlülüyünü ifşa etdi. Avropa dövlətləri Azərbaycan əraziləri işğalda olanda və 44 günlük müharibədə xristian həmrəyliyi göstərdilər, nəticədə yanımızda olmadılar. İkincisi, 44 günlük müharibədə Azərbaycanı ittiham etdilər. Həmin Avropa “Bayraktar”ları Azərbaycanda “qatil”, Ukraynada isə “ümid” adlandırdı. Onların sifəti budur. Eyni zamanda, müsəlman ölkələrindən olan qaçqınların qəbulu ilə ukraynalı qaçqınların qəbulu arasındakı fərqə baxın. Açıq diskriminasiya və qatı irqçilik var. Yəni Avropa yenidən öz köhnə xəstəliyinə düçar olub, neo-faşizmə yuvarlanıb. Guya onlar göydən gəliblər, biz də qara camaatıq”.

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Son günlər Qarabağ və sərhəd istiqamətlərindəki fəallıq nədən xəbər verir?

- Qarabağda zaman-zaman belə hallar olurdu, amma son günlərdə aktivlik artıb. Xüsusən də Kəlbəcər yönündə - sərhəddə aktivlik nəzərdən qaçmır. Əvvələr belə məsələlərdə Rusiyanın marağı vardı, amma rusların başı Ukrayanda qarışdığından ermənilər öz günlərinə ağlayırlar. Ermənistan rəhbərliyi, xüsusən də yeni seçilmiş Prezident Vaaqn Xaçaturyan bu məsələlərdən qaçır. Ermənistan hakimiyyəti, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpasını istəyir. Amma Ermənistanda revanşist qüvvələr də var. Bunlar terroryönlü qüvvələrdir. Onlar, xüsusən də Köçəryan-Sərkisyan dueti bunu istəmir. Onlar Azərbaycanı təxribata çəkməyə çalışırlar. Amma bildiyim qədər deyə bilərəm ki, Azərbaycan Müdafiə Nazirliyi onların cavabını verib. Separatçıların Azərbaycanın mövqelərini atəşə məruz qoyduğu Əsgərandakı döyüş mövqeləri susdurulub. Azərbaycan Fərrux yüksəkliyində yeni istehkam, müşahidə məntəqəsi qurub. İnanmıram ki, ermənilər bundan sonra Ağdama atəş açsınlar. Təbii ki, yenə də bizi sınağa çəkməyə çalışacaqlar.

Azərbaycan bu kimi təxribatlara cavab olaraq, anti-terror əməliyyatı keçirə bilər, amma indi bunu istəmir. Erməniləri həyəcanlandıran Rusiyanın Qarabağda yerləşdiyi qüvvələrin böyük hissəsini geri çəkməsidir. İndi orada az sayda rus sülhməramlısı qalıb ki, onlar da nəzarəti tam təmin edə bilmirlər. Rusiya vaxtında oradakı qanunsuz silahlı birləşmələri çıxarmadığına görə, özü də pat vəziyyətində qalıb. Rusiya fevralın 22-də Azərbaycanla ikitərəfli bəyannamə imzalayıb. Bu sənədin 9 və 19-cu bəndləri hərbi məsələlərlə bağlıdır. İndi Rusiya həmin bəndləri yerinə yetirmək məcburiyyətindədir. Bu sənəddə Rusiyanın imzası var. Amma bildiyim qədər təxribata əl atan ermənilərin dərsi verilib. Məlumatım var ki, yerində oturdulub.

Sərhəd istiqamətində də layiqli cavab verilib. Azərbaycan sərhədlərini müəyyənləşdirmişdi, amma möhkəmlənməmişdi. Azərbaycan yenidən öz sərhəd məntəqələrinə qayıdıb, bu yöndə heç bir problem yoxdur.

- Bəs Azərbaycanın Ermənistana verdiyi sülh təkliflərinin taleyi necə olacaq? İrəvanın təklif üzrə bəndləri, xüsusən də Azərbaycanın ərazi bütövlüyünü tanıması və ya Qarabağa olan əsassız iddiasından rəsmi imtina etməsi ehtimalı nə qədərdir?

- Ermənistan rəsmən etiraf etdi ki, 1993-cü il sentyabrın 24-də MDB-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyünü BMT-nin 1992-ci il martın 3-də qəbul etdiyi sərhədlər çərçivəsində tanıyıb. Yəni Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyıb. Onlar otuz il sonra ayılıblar ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar.

Ermənistanın bir də Qarabağ məsələsinə qayıdacağına inanmıram. Onların irəli sürdüyü təklifdə mədəni muxtariyyətdən söhbət gedir. Amma Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı bölgə və ya qurum olmadığına görə, bunu müzakirə etməyəcəyik. Azərbaycanın verdiyi təkliflər birmənalı şəkildə BMT nizamnaməsinin prinsiplərinə əsaslanır. Yəni Ermənistan mütləq buna əməl etməlidir.

Zəngəzur dəhlizi və logistika ilə bağlı məsələlərə gəldikdə, bunlar daha çox Ermənistana lazımdır. Artıq Azərbaycanın bununla bağlı problemi yoxdur. Çünki İranla imzalanmış yeni memoranduma görə, Azərbaycan İran üzərindən yüklərini daşıya biləcək. Bununla Ermənistan tam blokadaya düşür. Artıq buna görə də erməni mətbuatı İranı “xəyanətkar” adlandırırlar, amma vaxtilə “qardaş” deyirdilər. Lakin Ermənistan yeni reallığı qəbul etmək məcburiyyətindədir, çünki heç bir şansı yoxdur.

- Ermənistan Türkiyə ilə sərhədləri açmağa və münasibətlərin bərpasına dair sənəd imzalamağa hazır olduğunu açıqladı. Bu yöndə nə kimi yeniliklər ola bilər?

- Ermənistan və Türkiyə nümayəndələri indiyədək iki dəfə görüşüblər. Hər iki tərəf heç bir ön şərt irəli sürmədən təklifləri qəbul etmək məsələsini gündəmə gətiriblər. Hələlik sərhədlərin açılması yönündə hansısa maneənin olduğu görünmür. Onlar razılaşıblar ki, bunu həyata keçirsinlər. Azərbaycan da bunu istəyir. Mövlud Çavuşoğlu da bildirdi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın maraqları çərçivəsində həyata keçiriləcək. Artıq iki ölkə arasında çarter reysləri var. Düzdür, Ermənistan Türkiyə üçün böyük bazar deyil, amma Avropaya açılmaq üçün sərhədlərin açılması İrəvan üçün önəmlidir.

Sərhədlər açılacaq, bunun qarşısında ciddi maneə görmürəm. Bunun çox uzaq vaxtda olacağını düşünmürəm.

- Bəs Rusiyanın Ukraynada apardığı müharibə və burada üzləşəcəyi böyük itkilər onun Cənubi Qafqazdakı mövqeyinə hansı təsiri göstərəcək?

- Prezident İlham Əliyev fevralın 24-də Rusiya ilə ikitərəfli bəyannaməyə imza atmaqla şimaldan suverenliyimizə və ərazi bütövlüyümüzə olan təhdidləri aradan qaldırdı. Rusiya və Azərbaycan bununla bir-birini bərabərhüquqlu dövlət kimi qəbul etdi. Buna görə də Rusiyanın Qarabağla bağlı addım atmaq üçün nə siyasi, nə hüquqi, nə iqtisadi, nə də hərbi əsası var.

Ukrayna məsələsinə gəldikdə, bu hər iki ölkənin faciəsidir. Çünki həm Rusiya, həm də Ukrayna aldadılıb. Bu müharibəni anqlo-sakslar planlaşdırmışdı və həyata keçirdi. Rusiya da bu tələyə düşdü. İndi Rusiya bu tələdən çıxmağa çalışır. Amma bir şey də var ki, cəhənnəmə gedən özünə yoldaş axtarır. Əgər Rusiyanın iqtisadi çöküşü bu şəkildə davam etsə, Avropa Birliyi də eyni aqibətlə üzləşəcək. Çünki Avropanın enerji təhlükəsizliyinin 40 faizdən çoxu Rusiyanın payına düşür. Bunu Amerikanın bahalı qazı ilə əvəz etmək mümkünsüzdür. İndi İspaniyanı ortaya atıblar, Şimali Afrikadan qaz alırlar, amma bu da problemləri həll etməyəcək. İspaniya ən yaxşı halda Fransanı qazla təmin edə bilər, Almaniyanı təmin etməyə gücü çatmayacaq. Azərbaycan isə Cənubi Avropa ölkələrinə qaz ixracını artıracaq.

Rusiya-Ukrayna müharibəsi bir neçə məsələni üzə çıxardı. Birincisi, Avropanın ikiüzlülüyünü ifşa etdi. Avropa dövlətləri Azərbaycan əraziləri işğalda olanda və 44 günlük müharibədə xristian həmrəyliyi göstərdilər, nəticədə yanımızda olmadılar. İkincisi, 44 günlük müharibədə Azərbaycanı ittiham etdilər. Həmin Avropa “Bayraktar”ları Azərbaycanda “qatil”, Ukraynada isə “ümid” adlandırdı. Onların sifəti budur. Eyni zamanda, müsəlman ölkələrindən olan qaçqınların qəbulu ilə ukraynalı qaçqınların qəbulu arasındakı fərqə baxın. Açıq diskriminasiya və qatı irqçilik var. Yəni Avropa yenidən öz köhnə xəstəliyinə düçar olub, neo-faşizmə yuvarlanıb. Guya onlar göydən gəliblər, biz də qara camaatıq.

Beləliklə, Rusiya və Ukrayna ABŞ və İngiltərənin hazırladığı siyasi tələyə düşüb. Rusiya və Ukrayna ilə yanaşı, Avropanın özündə də çöküş gedəcək. Amerika Avropadan istədiyini aldı: həm silahını satacaq, həm də Rusiyanın dondurulan pullarından öz payını götürəcək. Eyni zamanda, öz qazını Avropaya satacaq və avronu çökdürəcək. Bu müharibəni dolların arxasında duran qüvvələr başlatdı. Onlar heç vaxt qəbul edə bilmirdilər ki, avro dollardan 20 faiz bahadır. İndi çalışacaqlar ki, yaxın 5-6 ay ərzində avronu dollarla bərabərləşdirsinlər, bundan sonra isə avronu ucuzlaşdıracaqlar. Avropada 27 dövlətdən ən azı 17-si avroyla işləyir, digərləri bunu dəyişirlər. Rusiyada isə belədir ki, rublu özü kəsir və dövriyyədə nə qədər pulunun olduğunu heç kim bilmir. Yəni xarici ölkələr rublun dövriyyəsinə nəzarət edə bilmirlər.

Rusiya dövriyyədəki rublu artırmaqla vəziyyətdən çıxmağa çalışacaq. Amma Rusiya həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən çökür. Amma Rusiya Ukraynada bu addımı atmaqla göstərmək istədi ki, NATO daxil olmaqla beynəlxalq təşkilatlardan heç birinin rolu yoxdur, heç kimdirlər. Digər yandan, Rusiya bununla böyük güc olduğunu göstərməyə çalışır. Bütün hallarda isə Amerika istədiyini əldə etdi. Buna görə də, Rusiya çalışacaq ki, bu “sürünən müharibə”ni bitirsin. Çünki bu, indiki halda Rusiyanın maraqlarına uyğun olmayan müharibədir. Yəni 800 minlik ordusu olan Rusiya 120 minlik Ukraynaya qalib gələ bilmirsə, demək, belə bir ordu yoxdur və ya çox pis durumdadır.

- Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan-Fransa yaxınlaşması da diqqətdən yayınmır. Ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan, bu həftə isə Xarici işlər naziri Ararat Mirzoyan Parisə gedəcək. Sizcə, bu gediş-gəliş və ya yaxınlaşma nə ilə əlaqəli ola bilər?

- Aprelin 10-da Fransada prezident seçkiləri keçiriləcək. Bilirsiniz ki, Makron da erməni kökənlidir. Fransadakı erməni diasporunun əlində də geniş imkanlar, pul var. Erməni diasporu çalışır ki, Makron hakimiyyətdə qalsın. Əvvəllər Fransa Avropanın sükanı arxasında idisə, indi belə deyil. Hazırda Avropa sükansız idarə olunan gəmiyə bənzəyir. Almaniya öz maddi mənfəətinə görə özünü ortaya atıb, İtaliyanın başqa məqsədləri var, Fransa isə liderlik statusunu itirib.

Bir sözlə, Fransa-Ermənistan yaxınlaşmasının siyasi gediş olduğunu düşünürəm. Özlərini Azərbaycana göstərirlər. Sizi inandırım ki, Makron prezident seçilsə, bir-iki aya Ermənistana birinci xəyanət edən onun özü olacaq. Azərbaycan yeni reallıqlar yaradıb, Türkiyə ilə birlikdə yeni güc mərkəzi formalaşdırır. Artıq Azərbaycan özünü dünyaya qəbul etdirir. Bu, bir reallıqdır. İndi onlar bunu qəbul edəcəklər, ya yox – bu onların problemidir. Buna görə də, Fransa və Ermənistanın yaxınlaşması ciddi bir məsələ deyil.

- Bəs ABŞ və Avropa ölkələrindən Azərbaycan Prezidenti İlham Əliyevə telefon zənglərinin artması haqda nə deyə bilərsiniz? Fransa Prezidenti Emmanuel Makrondan sonra Avropa Birliyi Şurasının başçısı Şarl Mişel və ABŞ Dövlət katibi də Azərbaycan liderinə zəng etdi.

- İlham Əliyev 44 günlük müharibədə özünü təkcə Azərbaycan lideri kimi yox, həm də yeni reallığın yaradıcı kimi göstərdi. İlham Əliyev tapıntılı siyasət yürüdür. Türkiyə birmənalı şəkildə Rusiyanı zərərsizləşdirdi. Bunu həm siyasi, həm də hərbi cəhətdən etdi və Azərbaycan ordusu öz sözünü dedi və dünyanın hərb elminə yenilik gətirdi.

Blinken isə Azərbaycana daha çox Ukraynaya humanitar yardım etdiyinə görə təşəkkürünü bildirdi. Baxın, Azərbaycan fevralın 22-də Rusiya ilə ikitərəfli anlaşma imzaladı, iki gün sonra isə müharibə başladı. Amma bu günədək Azərbaycan nə Rusiya, nə də Ukraynanı dəstəkləyir. Ötən ayın əvvəlində isə Azərbaycan prezidenti Ukraynaya səfər edərək, bu ölkənin ərazi bütövlüyünə dəstəyini nümayiş etdirdi. Təbii ki, İlham Əliyev baş verənləri əvvəlcədən duyurdu və Rusiyanın atacağı addımların müharibəyə səbəb olacağını hiss edirdi.

Amerika da görür ki, Rusiyanı dərindən bilən, yaxşı tanıyan İlham Əliyev onlara hansısa məsələlərdə ağıllı məsləhət verə bilər. Niyə Ərdoğan tez-tez İlham Əliyevlə məsləhətləşir? Görüşləri 3-4 saat çəkir və bu görüşlə bağlı mətbuata heç bir açıqlama verilmir. Ortada hansı məsələlərin olmasından heç kimin xəbəri yoxdur.

Azərbaycan uzun illər öz ordusunu gücləndirdi, ehtimal olunan müharibəyə hazırlaşdı. Tam hazır olduqdan sonra da ortaya qələbə qoydu. Azərbaycan BMT yaranandan bəri bu qurumun Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirən yeganə dövlətdir. Eyni zamanda, son 300 ildə əraziləri işğal olunan dövlətdən torpaqlarını işğaldan azad edən dövlətə yenə də Azərbaycan keçdi. Bu da Azərbaycan tarixində bir ilkdir. Ona görə də bu tarixi yazan bir adamla Avropa və Amerikanın ağıllı insanları niyə məsləhətləşməsinlər?


Müəllif: Mənsur Rəğbətoğlu