Serbiya Prezidenti Aleksandr Vuçiç ölkəsinin NATO-ya üzv olmayacağını, çünki 1999-cu ildə alyansın bu ölkəni bombalaması nəticəsində həlak olan uşaqları unutmadıqlarını deyib.
Teleqraf.com xəbər verir ki, prezident bu qərarını həm də Serbiyanın “neytral ölkə” statusu ilə əlaqələndirib.
“Düşünürəm ki, Serbiya NATO-ya qoşulmamalıdır. Serbiya azad və hərbi cəhətdən neytral ölkədir. Öz torpaqlarımızı özümüz müdafiə edəcəyik”, - Vuçiç bildirib.
Məlumata görə, NATO-nun Kosovoda mülki əhaliyə qarşı qırğınlara son qoymaq üçün Yuqoslaviyadakı bəzi hədəflərə endirdiyi hava hücumları nəticəsində 489-528 dinc insan həyatını itirib. Təxminən 3 aya yaxın davam edən əməliyyat nəticəsində dəyən maddi ziyanın 100 milyard dollar olduğu təxmin edilir.
Kosovo 2008-ci ildə birtərəfli qaydada Serbiyadan müstəqilliyini elan edib.