13 May 2022 12:27
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Rusiyaya yüksək texnologiyalı avadanlıqların, o cümlədən 3D printerlərin ixracını qadağan edir. Ölkə Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyaya ixracı qadağan edilən mal və texnologiyaların siyahısını genişləndirir.

Teleqraf.com TASS-a istinadən bildirir ki, Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi siyahıya 3D printerlər və kvant hesablama avadanlığı daxil ediləcəyini bildirib.

Ümumilikdə, yenilənmiş sənəddə 14 yeni başlıq var. Onların arasında neft emalı üçün katalizatorlar, elektron və atom qüvvəsi mikroskopları, 3D printerlərdə istifadə olunan toz metallar və metal ərintiləri, günəş, külək və digər bərpa olunan enerji mənbələrindən istifadə etməklə əldə edilən hidrogen var.

Həmçinin qadağan olunmuş mal və texnologiyaların yeni siyahısına yarımkeçirici və elektrik keçirici polimerlər, üzvi işıq yayan diodların istehsalı üçün avadanlıqlar, kvant texnologiyaları ilə bağlı cihazlar, o cümlədən fotodetektorlar daxil edilib. Təchizat qadağası ölkə hökuməti tərəfindən təsdiqlənib və mayın 20-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Yaponiya əvvəllər Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı bir neçə məhdudiyyət paketi qəbul edib. Sanksiya siyahılarına artıq 700-dən çox Rusiya Federasiyası, Belarusiya, separatçı Donetsk və Luqansk vətəndaşları, habelə 200-dən çox Rusiya şirkət və təşkilatı daxildir. Bundan əlavə, Yaponiya onlarla Rusiya bankının aktivlərini dondurub.

İxracına qadağa qoyulan mal və texnologiyaların siyahısına 300-dən çox adda, o cümlədən yarımkeçiricilər, dəniz və aviasiya təhlükəsizliyi üçün avadanlıqlar, telekommunikasiya avadanlıqları, rabitə vasitələri, hərbi təyinatlı məhsullar, o cümlədən silahlar, proqram təminatı, neft emalı avadanlığı daxildir.


Müəllif: Nemət

Oxşar xəbərlər