Birləşmiş Krallıqdan ayrılmağa hazırlaşdığı bildirilən Şotlandiyanın Qlazqo şəhərində müstəqillik tərəfdarları yürüş keçirib.
Teleqraf.com xəbər verir ki, “Hamı bir bayraq altında” hərəkatının çağırışı ilə Kelvinqrov parkına toplaşan və müstəqillik üçün ikinci referendumun keçirilməsini tələb edən minlərlə şotlandiyalı şəhər mərkəzindəki Corc Meydanına yürüş edib.
Yürüş zamanı meydanda Şotlandiya ilə yanaşı, Kataloniya separatçılarının bayraqlarını dalğalandıran, “Müstəqil Şotlandiya” və “İndi müstəqillik” yazılmış plakatlar daşıyan nümayişçilər müstəqillik tələblərini dilə gətiriblər.
Şotlandların müstəqillik yürüşü Corc meydanında paradla başa çatıb.
Şotlandiya Milli Partiyası iddia edir ki, şotlandlar 2014-cü il referendumunda 55 faizlə müstəqilliyi rədd etsələr də, Breksit vəziyyəti dəyişib və yeni referendumun keçirilməsinə ehtiyac var.
İngilislərdən fərqli olaraq, 62 faizlə Breksit referendumunun əleyhinə səs verən şotlandlar Avropa Birliyindən istəməyərək çıxarıldıqlarını bildirirlər.
Şotlandiya Baş naziri Nikola Sturgeon 2023-cü ilin sonuna qədər müstəqillik referendumunu keçirməyi planlaşdırır. Bununla belə, yeni müstəqillik referendumunun keçirilməsi üçün İngiltərə parlamentindən icazə tələb olunur. Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasının çoxluq təşkil etdiyi 650 üzvlü parlamentdən belə icazənin verilməsi mümkünsüz görünür. Bu səbəbdən müstəqillik tərəfdarlarının alternativ yollar sınaya biləcəyi düşünülür. Bu variantlardan biri İngiltərə parlamentindən icazə tələb edən qanuna qarşı məhkəməyə müraciət etməkdir.
Başqa bir yol isə mərkəzi hökumətə qarşı çıxıb referenduma gedərək müsbət nəticələr olduğu halda birtərəfli qaydada müstəqillik elan etməkdir. Amma bunun İspaniyanın Kataloniya bölgəsində olduğu kimi, gərginliyə və mərkəzi hökumətin sərt reaksiyasına səbəb ola biləcəyi bildirilir. Eyni zamanda, bunun kataloniyalılar kimi şotlandların da AB-nin dəstəyini itirməsinə səbəb ola biləcəyi deyilir.