İran israilli biznesmenləri və elm adamlarını qaçırmaq üçün Ermənistandan istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Baş Təhlükəsizlik Xidmətinin (SHABAK) məlumatında qeyd olunub.
Son aylar xaricdə israilli iş və elm adamlarını, keçmiş təhlükəsizlik xidməti məmurlarını oğurlamağı planlaşdıran İranın terror qruplaşmasının planlarının üstü açılıb.
“vesty.co.il” saytı yazır ki, İran tərəfi adam oğurluğu cinayətlərini özlərini jurnalist, akademik, iş adamı və xeyriyyəçi kimi təqdim etməklə həyata keçiriblər.
İran agentləri İsrail vətəndaşlarını konfranslara çağırıblar və ya onları müsahibəyə dəvət ediblər. Adam oğruları bu zaman real şəxslərin adlarından istifadə ediblər.
Məsələn, bir faktda İran agentləri Andrey Andreev adlı rus oliqarxın köməkçisinin adından istifadə ediblər. “Köməkçi” özünü Nikolay adlandırıb və xaricdə görüşlərə dəvət etdiyi rusdilli israillilərlə əlaqə qurub. Nikolay rəhbərinin Ermənistan hökumətindəki məmurlarla geniş əlaqələri olduğunu iddia edib.
Başqa bir halda təhlükəsizlik tədqiqatları üzrə ixtisaslaşmış İsveçrə əsilli professor Oliver Tranertin elektron poçt ünvanından istifadə edilib. ([email protected].) Özünü Tranert kimi təqdim edən “cani” onun adından bir neçə israilliyə Avropa ölkələrindən birində konfransda çıxış etmək dəvəti göndərib.
Dəvət alanlar aydınlıq gətirmək üçün professor Tranertin özünə müraciət ediblər. O, hər hansı konfransın nəzərdə tutulmadığını, bir müddət əvvəl e-poçtunun ələ keçirildiyini qeyd edib.
Üçüncü halda, hücumçular Amerikanın məşhur Gatestone institutunda çalışan jurnalist Kon Koqalinin adından və e-poçt ünvanından istifadə ediblər. O, israilliləri öz institutu üçün məqalələr yazmağa dəvət etdi.
Başqa insanlar adından bu cür müraciətləri alan israillilər yazışmalardan şübhələniblər. Onlar təhlükəsizlik xidməti ilə əlaqə saxlayıblar, bunun əsasında araşdırma başlayıb.
Qeyd olunur ki, İran xüsusi xidmət orqanları inandırıcılıq üçün təkcə real şəxslərin adlarını deyil, həm də həqiqətən mövcud olan akademik qurumların adlarını və onların loqolarını göstərib.
İsrail təhlükəsizlik xidmətləri iddia edir ki, bu, İran kəşfiyyatının - ilk növbədə İslam İnqilabı Keşikçiləri Korpusunun və Qüds Qüvvələrinin kəşfiyyat departamentinin sevimli hiyləsidir.