“Avropa İttifaqı ortamüddətli perspektivdə Rusiya neftini əvəz edə bilməyəcək. Eyni zamanda, Rusiyaya qarşı neft embarqosunun tətbiqi hər iki tərəf üçün “mümkün olan ən pis ssenari” olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Financial Times-a müsahibəsində LUKOIL-un eks-prezidenti Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, Rusiya neftini yönləndirmək üçün yeni infrastrukturun qurulması illər çəkəcək.
LUKOIL-un keçmiş rəhbəri əlavə edib ki, Avropa İttifaqının Rusiya neftinin idxalını dayandırmaq üçün atacağı hər hansı addım “hamı üçün şok olacaq” və izah edib ki, embarqo olarsa, 2020-ci ildə pandemiyanın başlanğıcında edildiyi kimi, Rusiya hasilatı azaltmalı, quyuları dondurmalı olacaq.
Ələkbərov “sanksiyaların çox vaxt xaotik, emosional xarakter daşıdığını” və həmçinin “heç bir siyasi qərar qəbul etməyən, siyasi təsir gücü olmayan insanlara təsir etdiyini” deyib.
“Bu, ən azı hüquqi baxımdan ciddi görünmür və bu tədbirlərin ictimai əhəmiyyəti yoxdur”, - Ələkbərov əlavə edib.