Rusiya qoşunları bütün səylərini Donetsk və Luqansk vilayətlərini ələ keçirməyə cəmləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) məlumat yayıb.
Məlumata görə, Rusiya qüvvələri İzyumdan Boqorodiçneyə uğursuz hücum ediblər. Onlar həmçinin İzyum şəhərindən Ukrayna ordusunun Qusarivka, Velyka Komışuvaxa və Vernopol, həmçinin Dovxenki və Rayqorodka rayonlarında yerləşən mövqelərini atəşə tutublar.
“Rusların İzyumun cənubundakı səyləri Usiliya ətrafında hücum əməliyyatlarını daha çox dəstəkləməyə yönəlib. Həm cənub-şərqdəki Xarkov, həm də Donetsk vilayətinin şimalında keçirilən hücumlar indi Rusiyanın Donbas və Severodonetsk ətraflarında dominant səylərinə tabedir”, - məlumatda deyilib.
Eyni zamanda, rus qoşunları Severodonetskə hücumu davam etdirsələr də, hansısa irəliləyiş qeydə alınmayıb:
“Rus qüvvələri Severodonetsk və Lisiçanski mühasirəyə almaq və bu ərazilərdə Ukraynanın əsas quru xətlərini kəsmək niyyətindədirlər. İşğalçılar həmçinin Bobrov və Ustynivka vasitəsilə cənubdan Severodonetskə doğru irəliləməyə cəhd ediblər”.
Çeçenistan lideri Ramzan Kadırovun iddiasına baxmayaraq, Severodonetsk şəhərinin Ukrayna ordusunun nəzarətində qaldığı bildirilib. Hətta Ukrayna müdafiə qüvvələri məhdud əks-hücum keçirərək rusların silahlı qruplaşmasını Toşkivkadan qovublar.
Rusiya ordusu hələ də Luqansk və Donetsk vilayətlərinin sərhədlərinə doğru irəliləməyə, Ukrayna Silahlı Qüvvələrinə təchizatı dayandırmaq üçün Lisiçansk-Baxmut marşrutunu ələ keçirməyə çalışır.