"Ukrayna Rusiyadan bütün işğal olunmuş əraziləri, o cümlədən Krımı geri almalıdır, əks halda Vladimir Putin gələcəkdə təcavüzü təkrarlaya bilər".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker deyib.
"Müharibəyə qədər belə bir fikir vardı ki, Rusiyaya Donbas lazım deyil və ona görə də onu daha tez qaytarmaq olar, Krımın qaytarılması isə daha çox vaxt aparacaq. Amma müharibə bütün bu mülahizələri alt-üst etdi. Hazırda hər şey təhlükə altındadır, Putinin imperiya iştahı yox olmayacaq. Ona görə də hətta Krımı Rusiyanın əlində saxlamaq çox risklidir", - amerikalı diplomat bildirib.
Volker Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən təkrarlanan Kremlin "Ukraynanın denasifikasiyası və demilitarizasiyası" ilə bağlı açıqlamasını xatırladıb:
"Bu, Rusiyanın mövqeyidir. Belə bir düşmənlə üz-üzə qalanda heç bir güzəştə yer qalmır. Deməli, ərazilərinizin qaytarılması üçün mübarizə aparmalısınız. Mübarizə Putin və Rusiya öz sərhədləri daxilində yaşamağa məcbur olanadək davam etməlidir".