“Tanınmamış Dnestryanı bölgənin müstəqilliyi bölgədəki problemi həll edə bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Moldova baş nazirinin reinteqrasiya məsələləri üzrə müavini Oleq Serebryan deyib.
“İlk növbədə, Dnestryanı bölgənin nə olduğunu başa düşməliyik. Çünki Kişinyov və Tiraspolun regionun coğrafi sərhədlərinə fərqli baxışları var. Tiraspolda hesab edirlər ki, Koçyeri, Koşnitsa, Varnitsa və hətta Kopanka da qondarma respublikanın bir hissəsi olmalıdır. Onların “xəritələr”inə baxsanız, görərsiniz ki, onların fikrincə, bura təkcə Dnestryanıdakı qeyri-konstitusion hakimiyyətinin nəzarətində olan ərazilər deyil, digər səkkiz yaşayış məntəqəsi də daxil edilməlidir”, - Serebryan bildirib.
Ölkə rəsmisi Moldova hökumətinin Dnestryanı bölgənin müstəqilliyi ilə razılaşmayacağını açıqlayıb:
“Müxtəlif fərziyyələr var ki, onlara müstəqillik vermək daha yaxşıdır, amma bu plan mümkün deyil. Bu, asan həll yolu kimi görünə bilər, amma biz qonşuluqda belə bir “respublika”nın olmasını istəmirik. Dnestryanı məsələsi müstəqillik yolu ilə həll edilə bilməz. Çünki bu, regionda daha böyük qeyri-sabitliyə gətirib çıxaracaq”.
Serebryan onu da vurğulayıb ki, həll olunmamış Dnestryanı münaqişəsi Moldovanın Avropaya inteqrasiyasına mane olmayacaq: “Bu, Kiprdə olduğu kimi mümkündür. Ukrayna indi də Avropa Birliyinə üzv olmağa namizəddir. Dnestr çayının sol sahili ilə bağlı məsələdə önəmli olan xalqın nə istədiyidir”.