Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin baş naziri Yair Lapid ilə telefon danışığında Türkiyənin Tel-Əvivə səfir təyinatı məsələsinin yaxın vaxtlarda həll olunacağını bildirib.
Teleqraf.com xəbər verir ki, danışığın nəticələrini Türkiyə liderinin administrasiyası tviterdə açıqlayıb.
“Prezident Ərdoğan səfirlərin qarşılıqlı təyinatı ilə bağlı bu gün qəbul edilən qərara toxunaraq, yaxın vaxtlarda yeni səfirin təyinatı məsələsi ilə bağlı lazımi addımların atılacağını bildirib”, - deyə məlumatda bildirilir.
Söhbət zamanı Türkiyə ilə İsrail arasında münasibətlər və regional məsələlər müzakirə edilib. Prezident Ərdoğan İsrail Prezidentinin və Baş nazirinin Türkiyəyə səfərləri zamanı əldə olunan razılaşmalar çərçivəsində qeyd alınan irəliləyişdən məmnunluğunu ifadə edib.
Öncə İsrail Baş nazirinin ofisi Türkiyə ilə İsrail arasında tam diplomatik münasibətlərin bərpa olunduğunu elan edib. Daha sonra bu məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da təsdiqləyərək Ankaranın Tel-Əvivə səfir təyin etmək qərarına gəldiyini qeyd edib.