Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovo ilə barışığın mümkün olmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, Vuçiç bu barədə ABŞ-ın Qərbi Balkan üzrə xüsusi nümayəndəsi Qabriel Eskobar və Avropa Birliyinin Belqrad-Priştina Dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçakla görüşündən sonra danışıb.
Serbiya prezidenti gecə yarısına qədər davam edən görüşdən sonra sosial şəbəkə hesabından açıqlama verib.
“Kosovo ilə avtomobil nömrələri və bəzi daha böyük problemlərlə bağlı konsensusa gəlmək mümkün deyil”, - Vuçiç bildirib.
O, Kosovodakı serblərin gələcəyini təmin edəcəklərini də söyləyib: “Qarşıdakı günlərdə xalqımız üçün əmin-amanlığın bərqərar olması və qorunub saxlanması üçün daha çox çalışacağıq”.
Kosovo hökuməti iyulun sonunda serblər də daxil olmaqla hər kəsdən Kosovo şəxsiyyət vəsiqəsi və avtomobil nömrələri tələb olunacağını açıqlayıb. Kosovodakı serblər buna reaksiya verərək ölkənin şimalındakı sərhəd-keçid məntəqələrini bağlayıb və ölkədə gərginlik artıb.
Kosovo hökuməti daha sonra Serbiya ilə sərhəd-keçid məntəqələrinə aparan yollarda qoyulmuş bütün barrikadaların götürülməsi şərti ilə böhrana səbəb olan qərarı sentyabrın 1-dək təxirə salmaq qərarına gəlib.
NATO-nun Kosovodakı Qüvvələri (KFOR) regionda sabitliyin pozulması halında müdaxilə etməyə hazır olduğunu bəyan edib.