1 Sentyabr 2022 12:39
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ABŞ Kiyevə genişmiqyaslı hərbi yardım proqramına başlayıb.

Teleqraf.com ABŞ KİV-lərinə istinadən xəbər verir ki, yardım paketinə daxil olan sistemlərin böyük əksəriyyəti, o cümlədən idarə olunan artilleriya raketləri, 105/155 mm-lik haubitsa sistemləri, aşkaretmə radarları, hava-yer raketləri, hava hücumundan müdafiə sistemləri, gəmi və tank əleyhinə raketlər birbaşa ABŞ Silahlı Qüvvələrinin inventarından tədarük olunur.

Müdafiə Nazirliyinə (Pentaqon) bağlı dairələr zaman-zaman bunun ABŞ ordusunun döyüş qabiliyyətini zəiflədə biləcəyini əsas gətirərək, Ağ Evin yardım proqramını tənqid edirlər.

ABŞ Silahlı Qüvvələrinin 24 fevral-24 avqust tarixləri arasındakı 6 aylıq müddətdə Ukraynaya 806 min ədəd 155 mm-lik haubitsa sursatı təhvil verdiyini açıqlamasından sonra tənqidlər yenidən artıb.

Bir Pentaqon rəsmisi verdiyi açıqlamada son həftələrdə ABŞ-ın hərbi anbarlarındakı 155 mm-lik haubitsa sursatlarının narahatedici dərəcədə azaldığını iddia edib. Onun sözlərinə görə, ABŞ hələlik böyük müharibəyə girmədiyi üçün vəziyyət o qədər də kritik görünmür. Bununla belə qeyd edib ki, vəziyyət belə bir müharibə səviyyəsində deyil.

Amerikanın 155 mm-lik sursat ehtiyatı ilə bağlı heç bir məlumat olmasa da, iddiaya görə, ABŞ ordusu 1999-cu ildən bəri təxminən 3 milyon 155 mm-lik haubitsa sursatı tədarük edib.

Hazırda 155 mm-lik sursat istehsal edən şirkətlərlə istehsal xətlərini inkişaf etdirmək və yeni xətlər açmaq üçün danışıqlar davam edərkən, şirkətlər artan ehtiyacı ödəmək üçün istehsallarını davam etdirirlər. Amma ABŞ Müdafiə Nazirliyinin rəsmilərinə görə, araşdırmalar ehtiyatları tam doldurmaq üçün hələ kifayət deyil.


Müəllif: Mənsur Rəğbətoğlu