ABŞ-ın keçmiş prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner Ağ Evdə keçirdiyi günlərdən bəhs edən kitab yazıb.
Teleqraf.com xəbər verir ki, kitabda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Tramp arasındakı kürəkən söhbəti də yer alıb.
Kuşner 2019-cu il fevralın 28-də İsrail-Fələstin sülh planını müzakirə etmək üçün Ankaraya səfərindən bəhs edərkən yazır:
“Prezident Rəcəb Tayyib Ərdoğanla onun bu yaxınlarda 600 milyon dollara başa gələn nəhəng prezident sarayında görüşdüm və ona sülh planımızdan danışdım. Yaxşı getmədi, onsuz da əksini düşünməmişdim”.
Kitaba görə, Ərdoğan 50 milyard dollarlıq ikitərəfli ticarəti ikiqat artırmaq istədiyini dedikdə, Kuşner Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin ABŞ-ın sanksiyalarına səbəb ola biləcəyini söyləyir.
Ərdoğanın ticarət əlaqələrini inkişaf etdirmək istəyinə görə təşəkkür etdiyini qeyd edən Kuşner sözlərinə belə davam edir:
“Bundan sonra həm də kürəkəni olan maliyyə naziri Berat Albayraka baxdı və müşavirlərinin bəzən prezidentləri məyus edə bildiklərini, amma kürəkənlərin bunu etməyəcəklərini söylədi”.