Rusiya ordusu gecə və gündüz saatlarında Ukraynanın bir neçə şəhərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, gecə saatlarında Slavyanskın mərkəzi atəşə tutulub, nəticədə 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Slavyansk şəhərinin hərbi-mülki administrasiyasının rəhbəri Vadim Lyax xəbəri təsdiqləyib.
“Gecə şəhərin mərkəzi hissəsi yenidən atəşə tutulub. Botaniçeska küçəsindəki fərdi evlərə ziyan dəyib. Onlardan birində ailə yaşayırdı. Birbaşa zərbə dəyib, 4 nəfər ölüb. Ümumilikdə hadisə nəticəsində 4 ölü, 2 yaralı var”, - mer bildirib.
Dnepr şəhərində də silsilə partlayışlar baş verib. Səhər saatlarında Dneprdə əvvəlcə bir partlayış, sonra isə müəyyən fasilələrlə ən azı üç partlayış baş verib. Yerli hakimiyyət hələ ki, şəhərə hücumla bağlı rəsmi açıqlama verməyib.
Zaporojyeyə raket hücumu nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
Bundan başqa, Nikolayev və paytaxt Kiyevdə hava hücumuna məruz qalıb.