20 Oktyabr 2022 10:52
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ölkədəki etirazlara görə sanksiya tətbiq edən Böyük Britaniyaya cavab olaraq biri nazir olmaqla 9 yüksək vəzifəli dövlət rəsmisinə və BBC kimi bəzi media qurumlarına sanksiya tətbiq etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, sanksiyaların “zorakılıq və terror aktlarına səbəb olan fəaliyyətlə məşğul olduqları” səbəbi ilə tətbiq olunduğu bildirilib.

İran Xarici İşlər Nazirliyinin açıqlamasında qərarın müvafiq qurumların razılığı əsasında Britaniya sanksiyalarına qarşı ehtiyat tədbiri olaraq qəbul edildiyi deyilir.

Sanksiyaların Britaniya Milli Kibertəhlükəsizlik İdarəsi və Hökumət Kommunikasiya Mərkəzi kimi dövlət qurumlarını əhatə etdiyi vurğulanıb. Həmçinin “Volant Media”, “Global Media”, “DMA Media” və BBC kimi media orqanlarına qarşı da sanksiyaların tətbiq edildiyi açıqlanıb.

Qeyd edilib ki, sanksiya siyahısına Böyük Britaniyanın təhlükəsizlik naziri Tom Tugendhat, keçmiş baş qərargah rəisi Mark Karleton Smit və Kral Hərbi Dəniz Qüvvələrinin komandanı Don Makinnon, həmçinin Britaniya siyasətçiləri Stiv Makkeyb, Stiven Krabb və Stüart Polak daxil olmaqla 9 şəxs salınıb.

Açıqlamada bildirilib ki, sözügedən sanksiyalara viza qadağası, İranda əmlak və maliyyə varlıqlarının müsadirəsi və bank hesablarının dondurulması daxildir.

Britaniya oktyabrın 10-da Məhsa Əmininin qətlə yetirilməsindən sonra ölkəyə yayılan etirazlara zorakılıqla müdaxilə edən İranın təhlükəsizlik orqanlarının bəzi rəsmilərinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Sanksiya siyahısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Bəsic” qüvvələrinin komandanı Qulam Rza Süleymani, Polis Xidmətinin rəisi Hüseyn Estəri və Polis Xüsusi Təyinatlı Qüvvələrinin rəisi Həsən Kərəmi kimi simalar daxil edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər